Muay-tay Birinci MDB Oyunlarının proqramına daxil edildi
İdmanın muay-tay növü Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçiriləcək Birinci MDB Oyunlarının proqramına daxil edilib.
Rakus.az xəbər verir ki, Azərbaycan Muay-tay Federasiyasının nümayəndəsi Elçin Eminov bildirib ki, yaxın günlərdə milli komandanın bu yarışa hazırlıqları başlayacaq.
MDB Oyunlarında cüdo, sambo, çimərlik voleybolu, çimərlik həndbolu, mini-futbol, boks, tayboks, şahmat, rəqs idmanı, qılıncoynatma, karate, daşqaldırma, qol güləşi, mas-restlinq, idman güləşi, kəmər güləşi (koreş), yüngül atletika və basketbol növləri üzrə yarışlar keçiriləcək.
Yarışların loqotipi Simurq quşu, talismanı isə bəbirdir. Oyunların bu il avqustun 20-27-də Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilməsi planlaşdırılıb. Yarışlarda 11 ölkədən 14-23 yaşlarında 3,5 minə yaxın idmançının iştirakı gözlənilir.
Xatırladaq ki, Birinci MDB Oyunlarının keçirilməsi ideyası MDB Dövlət Başçıları Şurasının 2018-ci ildə Tacikistanda keçirilmiş iclasında təsdiqlənib.