Müstəqillik günümüz bu gündən sayılmalıdır- Rövşən Yerfi
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, onlarla kitabın müəllifi Rövşən Yerfi müstəqillik günümüzün tarixi ilə bağlı maraqlı bir paylaşım edib.
Rakus.az onun fikrini olduğu kimi təqdim edir.
Əslində 30 avqust Müstəqillik günüdür!
1991-ci ilin 30 avqust günü Azərbaycan tarixində ən önəmli, tarixi günlərdən biridir. Həmin gün o dövrdəki Ali Sovetin növbədənkənar sesiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Bəyannamə qəbul edilərək Azərbaycan Respublikası 1918-ci ildə qurulmuş Xalq Cümhuriyyətinin varisi elan olundu. Əslində bu müstəqilliyin elan edilməsi demək idi. Hesab edirəm ki, indiki müstəqilliyimiz məhz Bəyannamə günündən – 30 avqust 1991-ci ildən başlayır. Inanıram ki, belə düşünən tək mən deyiləm.
Keçmiş SSRİ-də sovet respublikalarının müstəqillik “paradı” qəbul edilmiş bəyannamədən on gün əvvəl, 1991-ci ilin 19-22 avqustunda baş vermiş QKÇP “tamaşası” ilə başlanmışdı. Avqustun 20-də Estoniya, 24-də Ukrayna, 27-də Moldova öz müstəqilliklərini elan etdilər. Buna qədər isə ilk dəfə Litva respublikası (11.031990), sonra Rusiya (12.07.1990), Gürcüstan (09.04.1991) suveren dövlət olmalarını dünyaya bildirmişdilər.
Sovet İttifaqının dağıldığını dünyanın hər yerində dərk etsələr də, o vaxtkı respublika rəhbərliyimiz müstəqilliyi nədənsə həzm edə bilmirdi. Yetmiş il Kremlin göstərişi ilə işləyənlər baş verənlərə inana bilmirdilər, daha pisi o idi ki, inanmaq istəmirdilər. Ona görə də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının hazırlanıb qəbul edilməsi 14 günə nəzərdə tutulsa da, məsələni müxtəlif bəhanələrlə 48 günədək uzatdılar.
Oktyabrın 18-dək isə artıq keçmiş 15 sovet respublikasından 11-i bu “proseduranı” keçmişdi. Hətta bədnam Ermənistan da (21.09.1991) bizi önləmişdi. Bizdən sonra axıra Türkmənistan, Qazaxıstan və Belorusiya qalmışdı. İllər keçsə də bu acınacaqlı ləngitmə faktını “Moskvapərəst rəhbərlərimizin” köləliyə sadiqliyi nümunəsindən qeyri başqa cür qiymətləndirmək mümkün deyil…
30 avqustda müstəqillik rəsmi surətdə elan olunmalı halda gah qanun, gah da referendium bəhanələri ilə bu məsələ ilin son günlərinədək uzadıldı. Necə deyərlər, it əl çəkdi, motal əl çəkmədi. Xüsusilə, bu məsələdə o dövrdə ölkəyə başçılıq edən cənabın da “xidmətləri” böyükdür…
Həmin gün tarixi əhəmiyyəti baxımından digər rəsmi bayramlardan heç də geri qalmır. Niyə görə müstəqiliyimizin tarixini bu gündən hesab edib onu geniş qeyd etmirik? Konstitutsiya Aktının əsası – qəbul edilmiş Bəyannamə deyilmi? Kölə xislətlilər tərəfindən edilən səhvləri özümüzlə gələcəyəmi daşımalıyıq? Nə vaxta qədər 18 oktyabr bizim müstəqillik günümüz olacaq..?