“myGov” layihəsi istifadəyə veriləcək
Bu yaxınlarda Elektron Hökumət portalının “myGov” layihəsi istifadəyə veriləcək və “Şəxsi kabinet” yaradılacaq. Bütün vətəndaşlar həmin kabinetə daxil olmaqla özlərinə aid məlumatları görə biləcəklər. “myGov” mənim hökumətim deməkdir. Yəni hökumət bütün xidmətləri vətəndaşa bir pəncərədən təqdim edir, əlçatanlılıq təmin olunur. Vətəndaş heç yerə getmədən xidmətdən yararlana bilir. “myGov” üzərindən vətəndaşlara mütəmadi sorğular veriləcək. Sorğuların cavablarına uyğun olaraq xidmət təkmilləşdiriləcək. Elektron Hökumət portalının 9 mindən çox istifadəçisi var və get-gedə artır. “MyGov” layihəsi istifadəyə verildikdən sonra bu rəqəmlərin 2 milyonu keçəcəyi gözlənilir.
Rakus.az xəbər verir ki, bu barədə Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov kütləvi informasiya vasitələri nümayəndələrinə müsahibəsində məlumat verib.
F.Cəfərov bildirib ki, könüllülük prinsipi çərçivəsində əvvəlcə “ASAN xidmət” mərkəzinə gələn vətəndaşlarla hansı xidmətlərin elektronlaşmasını istədiklərinə dair sorğular keçiriləcək. Direktor bu günə kimi 20 mindən çox könüllünün bu proqramdan yararlandığını, onların Azərbaycanda rəqəmsal xidmətin qurulmasına və vətəndaşlara elektron xidmətlərin çatdırılmasına töhfə verəcəklərini deyib.
“Burada məqsəd vətəndaşların elektron xidmətlərin mövcudluğu barədə məlumatlandırılmasına nail olmaqdır. Bununla əlaqədar olaraq “ASAN xidmət”in rəqəmsal versiyasının formalaşması istiqamətində işlər gedir. Vətəndaşlar istəsələr “ASAN xidmət”ə gəlib xidmətlərdən yararlana bilərlər. Həmçinin alternativ rəqəmsal platforma üzərindən həftənin 7 günü 24 saat ərzində xidmətlərdən istifadə edə bilsinlər.
Aparılan monitorinqlərə görə, hazırda ən çox istifadə olunan xidmətlər əmək müqaviləsi bildirişlərinin qeydiyyatı və vergi hesabatlarının verilməsi ilə bağlıdır. Bəzi xidmətlər isə dövri xarakter daşıyır. Hazırda 400-dən çox elektron xidmət mövcuddur. Hazırda xidmətlərin sadələşdirilməsi və rəqəmsallaşdırılması istiqamətində Dövlət Proqramı hazırlanıb. Qeyd edim ki, rəqəmsal sahədə könüllülük prinsipi dünyada bir ilkdir”, – deyə mərkəzin direktoru diqqətə çatdırıb.