Nazirlik: 200 mindən çox muzdlu işçiyə pul verildi
Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir.
Rakus.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
Bildirilir ki, Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən, indiyə qədər Nazirliyə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün 27 727 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 109 911 fərdi (mikro) sahibkar, ümumilikdə 137 638 vergi ödəyicisi müraciət edib.
Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 255 870 işçini əhatə edən 27 727 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyə qədər təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin məbləği 94,18 mln manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin məbləği isə 47,09 mln manat təşkil edir. Mayın 20-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi 22 913 vergi ödəyicisinə 200 394 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 71,6 mln manat vəsaitin köçürülməsini təmin edib.
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 102 642 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin məbləği 59,23 mln manat təşkil edir. Mayın 20-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi 56,85 mln manat vəsaitin 97 379 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsini təmin edib.