Neft Fondu 24 ton qızıl aldı
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin ikinci rübündə 24 tonadək qızıl alıb.
Rakus.az Neft Fondunun 2019-cu ilin ilk 6 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, bu il iyunun 30-na ARDNF-in investisiya portfelində qızılın ümumi miqdarı 95,47 ton olub.
İlin birinci rübünün sonuna olan məlumata görə isə Dövlət Neft Fondunun investisiya portfelində qızılın ümumi miqdarı 71,75 ton idi. Beləliklə də, Neft Fondu bu ilin aprel-iyun aylarında 23,72 ton qızıl alıb.
Ümumilikdə, ötən ilin sonu ilə müqayisədə ARDNF cari ildə 44,52 ton qızıl alıb.
Xatırladaq ki, hazırda qızıl investisiyaları Neft Fondunun investisiya portfelinin 10,3 faizini (ABŞ dolları portfelinin isə 4 milyard 356,4 milyon dollarlıq hissəsi) təşkil edir.