İdman 07.09.2019 19:16

O idmançılar unudulmur ki… – Tələbə yazır

 

Sağlam gənclik işıqlı gələcək deməkdir. Bu günkü yeniyetmə və gənclərimiz nə qədər sağlam, savadlı, çalışqan olarlarsa, gələcəyimiz də bir o qədər parlaq və firəvan olar. Bu istiqamətdə idman və bədən tərbiyəsi əvəzsiz rola malikdir. İdman təkcə orqanizmin fiziki cəhətdən güclü olmasını təmin etmir, həm də xarakteri formalaşdırır. Başqa sözlə desək, həm bədəni, həm də ruhu tərbiyə edir. Hazırda paytaxt və bölgələrdə fəaliyyət göstərən yüzlərlə idman cəmiyyətində uşaq, yeniyetmə və gənclər müxtəlif idman növlərinin sirlərinə yiyələnməklə təkcə öz sağlamlıqlarının qayğısına qalmır, eləcə də, cəmiyyətə yararlı vətəndaş kimi böyüyürlər.

Ölkəmizdə çox sevilən idman növlərindən biri də karatedir. Yaponiyada yaranan bu idman  növü hazırda bir çox ölkələr kimi Azərbaycan da geniş yayılıb. Bu gün paytaxt və bölgələrdə yerləşən müxtəlif idman klublarında, cəmiyyətlərdə peşəkar məşqçilər uşaq, yeniyetmə və gənclərə bu idman növünün sirlərini öyrədirlər.

 

Qazanılan uğurlar çəkilən zəhmətdən xəbər verir

   Belə idman ocaqlarından biri də paytaxtın Bakıxanov qəsəbəsində yerləşən Bakı karate-do akademiyasıdır. Bir müddət əvvəl Bakı karate-do akademiyasında olub buranın prezidenti və baş məşqçisi, dünya çempionu , III Dan qara kəmər sahibi Vüsal Abdullazadə ilə söhbətləşdik. O, əvvəlcə, akademiya haqqında məlumat verdi: “Mən 2013-cü ildən məşqçi-müəllimliklə məşğulam. 2013-cü ildən 2015-ci ilə kimi federasiyanın nəzdində fəaliyyət göstərən klubların birində müəllim kimi çalışmışam. Hərbi xidmətdən qayıtdıqdan sonra, yəni 2015-ci ildə Bakı karate-do akademiyasının əsasını qoydum. Akademiyanın artıq dörd yaşı var. Ötən illər ərzində burada kifayət qədər təcrübəli karateçilər yetişib. Hansı ki, onlar müxtəlif nüfuzlu yarışlarda öz uğurları ilə çəkilən zəhmətin bəhrəsini veriblər. Hazırda burada 100-ə yaxın uşaq, yeniyetmə və gənc mənim rəhbərliyim altında karate idman növünün sirlərinə yiyələnir. Demək olar, 40-a yaxın idman klubu ilə əməkdaşlıq edir, müxtəlif yarışların keçirilməsində bir-birimizə dəstək oluruq. Bununla həm də əsl idman həmrəyliyinin necə olduğunu göstərməyə çalışırıq. Akademiyamızın əsas uğurları 2016-cı ildən başlayır. 2016-cı ildə hərbi döyüş növləri üzrə Ukraynada təşkil edilən dünya çempionatında mən birinci oldum. Tələbələrimdən isə biri gümüş, biri bürünc medal qazandı. Onu da qeyd edim ki, mən 2011-ci ildə də həmin yarışda fəxri kürsünün ən yüksək zirvəsində qərarlaşmışdım və cənab prezident İlham Əliyevin Sərəncamı ilə imtahansız Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmuşdum. Portuqaliyanın ev sahibliyi etdiyi dünya çempionatında Bakı karate-do akademiyanın idmançıları da qüvvələrini sınadıqdan sonra bizi beynəlxlaq aləmdə tanımağa başladılar. Belə ki, 170 ölkədən səkkiz mindən çox idmançının iştirak etdiyi mötəbər yarışda təmsil olunmaq özü böyük uğurdur. Həmin yarışda mən məğlub olsam da, tələbələrimdən Zaur Mirzəzadə himnimizi səsləndirdi. Nihat Hüseynli dünya ikincisi oldu, Səid Rüstəmov və İbrahim İbayev isə vətənə bürünc medalla qayıtdılar. Təbii ki, böyük nailiyyətlərimiz çox olub. Bundan başqa, biz özümüz də müntəzəm olaraq müxtəlif yarışlara ev sahibliyi edirik. Məsələn oktyabr ayında Bakı karate-do akademiyası Azərbaycan karate-do assosasiyası və Gənclər və İdman Nazirliyi ilə birlikdə  ilk dəfə olaraq Avrasiya çempionatına ev sahibliyi edəcək. Qarşıda isə bizi hələ çox sınaqlar gözləyir. Həmişə çalışmışam ki, Bakı karate-do akademiyasını mənə görə yox, məni yetirmələrimə görə tanısınlar. Bu, tələbələrimin böyük uğurlarının ən dəqiq göstəricisi olacaq”.

“Gərək hamı öz bildiyi işlə məşğul olsun”

Bir çox sahələr kimi bəzən idmanda da qeyri-peşəkarlar, işin detallarına bələd olmayanlar özlərini mütəxəssis kimi təqdim etməyə, konkret sahədə uğur qazanmağa çalışırlar. Vüsal müəllim bizimlə söhbət zamanı bu məsələyə də toxundu. O, bildirdi ki, idman təhsili olmayan şəxsin məşqçi-müəllim kimi çalışması düzgün deyil. “Yaxşı idmançı olmaq hələ yaxşı məşqçi olmaq demək deyil. Eləcə də, müəllimin bacarıqlı olması onun idmançı kimi böyük nailiyyətlər qazanmasına dəlalət etmir. Bəzən elə olur ki, idmançı özü böyük uğurlar qazana bilmir, amma gələcəkdə Avropa, dünya, Olimpiya mükafatçıları, çempionları yetişdirir. Məşqçi-müəllim üçün konkret idman növünün texnikasını, taktikasını bilmək kifayət deyil. O, həm də idmançı psixologiyasına, metodologiyaya, qidalanma rejiminə və s. bələd olmalıdır. Bütün bunlara isə ancaq idman akademiyasında təhsil aldığı dövrdə yiyələnə bilər. Müşahidələr göstərir ki, məhz qeyri-peşəkar məşqçilər adətən cəza üsulu kimi idmançıları vururlar. Ancaq, həqiqətən, bu işin mütəxəssisləri isə dərk edirlər ki, idmançını, xüsusilə döyüşçünü vurmaq qəti olmaz. Bu zaman onun döyüşçü ruhu sınır və idmançı cəsur yox, əksinə, qorxaq kimi böyüyür. Bundan başqa zalların gigiyenik normalara cavab verməsi də birbaşa olaraq peşəkarlıqla bağlıdır. Belə ki, ancaq professional məşqçilər gigiyenanın idmançılar üçün nə qədər vacib olduğunu başa düşə və tələbələrinin sağlamlıqlarının qayğısına qala bilərlər. Bu mənada gərək hamı öz bildiyi işlə məşğul olsun. Dahi Nizami Gəncəvinin dediyi kimi, kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan.

 

“O idmançılar unudulmur ki…”

Təcrübələrdən belə məlum olur ki, bəzən idmanla məşğul olanlar özlərinin fiziki gücünə arxalanaraq  hərəkətləri ilə cəmiyyətdə fərqlənməyə çalışırlar. Bakı karate-do prezidenti Vüsal Abdullazadənin fikrincə, bu, idmançıya yaraşmayan hərəkətdir. O, deyir ki, əsl idmançı özünün sadəliyi ilə hər kəsə nümunə olmalıdır. “İdmançılar bir çox keyfiyyətlərə görə digərlərindən fərqlənirlər. Bunlardan ən başlıcası isə sadəlikdir. Primitiv uğurlardan sonra “ulduz xəstəliyi”nə tutulan idmançıya daha düşmən lazım deyil. İdmançı gərək nəticələri ilə kifayətlənməsin, həmişə daha böyük qələbələrə can atsın. İdmançılar cəmiyyətin üzdə  olan simalarındandırlar. Yəni yeniyetmə və gənclərə daim onları görür, öz davranışları ilə onlara bənzəmək istəyirlər. Odur ki, idmançılar məsuliyyətli olmalı və dərk etməlidirlər ki, yetişməkdə olan nəsil üçün örnəkdirlər. Dünayada minlərlə idmançı olub. Lakin onlardan çox az bir qismi bu gün yada düşür. O idmançılar unudulmur ki, onlar vurub-dağıtmağa yox, əksinə yaratmağa, mərdlik, zəhmətkeşlik kimi nəcib ideyaları təbliğ etməyə meyilli olublar. Məsələn məşhur boksçu Məhəmməd Əli kimilər Deməyim odur ki, idmançılar cəmiyyətin həyatında mühüm rol oynayırlar. Bir şərtlə ki, fiziki güclərindən ancaq zəifləri qorumaq, haqq-ədaləti bərpa etmək üçün istifadə etsinlər”.

 

“Döyüşə gedəndə gərək “Vətən!” deyərək addımlayasan”

Söhbət zamanı məlum oldu ki, Vüsal Abdullazadə həm də 2016-cı ildə baş tutan aprel döyüşlərinin iştirakçısı olub. O, bu müddət ərzində özünün nümunəvi xidməti ilə fərqlənib və hərbi hissə rəhbərliyi tərəfindən mükafatlandırılıb. Müsahibimiz belə düşünür ki, özünü vətəndaş hesab edən hər kəsdə, xüsusilə də idmançılarda hərbi-vətənpərvərlik hissi yüksək səviyyədə olmalıdır: “Vətən, torpaq, bayraq müqəddəsdir. Gərək onlar uğrunda döyüşməyi, lazım gələrsə canından keçməyi bacarasan. İlk baxışdan insana elə gəlir ki, vətənpərvər adamlar özlərini qurban verirlər. Əslində isə vətənpərvərlik hissi daha çox onları qoruyur, yüksək zirvələrə və bəzən də ən ali zirvəyə-şəhidliyə aparır. Təsadüfi deyil ki, beynəlxalq arenalarda öz sözlərini deyən idmançıların əksəriyyəti uşaq yaşlarından hərbi-vətənpərvərlik ruhunda böyüyür, tərbiyə olunurlar. Bu səbəbdəndir ki, mən də tez-tez yetirmələrimlə konktet mövzu ilə bağlı müzakirələr aparıram. Həmçinin müntəzəm olaraq Milli Qəhrəmanlarımızı məşqlərimizə dəvət edirəm. Bu, uşaq və yeniyetmələrə böyük ruh yüksəkliyi verir. Döyüşə gedəndə gərək “Vətən!” deyərək addımlayasan. Başa düşəsən ki, vətənin taleyi, şan, şöhrəti sənin əlindədir.”-deyə, karate üzrə dünya çempionu əlavə etdi.

 

“Mübarizə səhvləri bağışlamır”

Bütün sahələrdə olduğu kimi, idmanda  da özünəinam ən əsas məsələlərdən biridir. Psixoloji hazırlığın qaydasında olması həm də özünəinamı formalaşdırır. Gənc idman mütəxəssisi belə düşünür ki, psixoloji hazırlıq ümumi hazırlığın 80 fazini təşkil edir. “Özünəinam insanı hərəkətə gətirən qüvvədir.  Əgər insan özünə inanmasa nəinki idmanda fərqlənə, heç bir işdə uğur qazana bilməz. Təsəvvür edin ki, əsgər odlu silahla döyüşə gedir, ancaq özünə inanmadığına görə atəş açmır. Başqa bir əsgər psixoloji cəhətdən kifayət qədər hazır olduğuna görə hətta əli yalın da düşmən üzərinə gedə bilər. Yəni özünəinam bu cür həlledici bir amildir. Müşahidələr göstərir ki, yarışlarda adətən psixoloji cəhətdən zəif olan idmançı uduzur. Çünki o, düşünür, riskə getməyə, fənd tətbiq etməyə çəkinir. Nəticədə isə vaxt itirir və bəzən özü belə fərqində olmadan rəqibinin onun üzərinə hücum etməsi üçün şərait yaradır. Nəzərə almaq lazımdır ki, mübarizə səhvləri bağışlamır. Kim ilk səhvi etsə o da məğlub olacaq. Səhv etməmək üçün isə gərək hazırlıqlı olasan. Mən tələbələrimə karatenin fəlsəfəsini öyrətmək, onları texniki-taktiki və fiziki cəhətdən hazırlamaqla yanaşı, həm özünəinamlarını inkişaf elətdirməyə çalışıram. Əks halda heç bir qələbədən söhbət gedə bilməz. İdmançılarımızla tez-tez profilaktik söhbətlər edirəm. Başa salmaq istəyirəm ki, hər şey beyində başlayır və beyində bitir. Məşhur mütəfəkkir Paulo Koelonun çox sevdiyim bir sözü var: “Əgər bir şeyi, həqiqətən, istəsən, bütün kainat onun reallaşmasına kömək edəcək.” Bütün sirr elə burda-həqiqətən, istəməkdə və özünə inamdadır. Bir də görürsən, ilk baxışdan daha zəif görünən idmançı rəqibinə asanlıqla qalib gəlir. Bu,  məhz düzgün psixoloji hazırlığın nəticəsidir. Unutmaq olmaz ki, idmanda möcüzələr olmur. İstəmək, çalışmaq və özünü sübut etmək olar.”-deyə, Vüsal müəllim qeyd etdi.

 

İdmançıları cəzalandırmaq lazımdır, amma…

Məşqçi-müəllimlər öz tələbələri ilə rəftarı ilə bir-birlərindn fərqlənirlər. Kimi yetirmələrini cəzalandırır, kimi də, əksinə, nəvazişini əsirgəmir. Hərə də fikrini bir formada əsaslandırır. Vüsal müəllim isə deyir ki, idmançını cəzalandırmaq olar, amma bu, fiziki təzyiqlə olmamalıdır. “Bayaq da dediyim kimi, əsla idmançını vurmaq olmaz. Əvvəla, onun döyüşçü ruhu sınır, ikincisi isə idmançı bir müddətdən sonra buna öyrəşir. Lakin mən idmançıları nəzarətsiz buraxmağın da tərəfdarı deyiləm. Ən azından ona görə ki, idmançılar özlərinin nizam-intizamı ilə digərlərinə nümunə olmalıdırlar. Təbiidir ki, məşqi pozanlar olur. Bu zaman ona heç demir, həmin idmançının əvəzinə digərlərinə  müxtəlif fiziki hərəkətləri eləməyi, məsələn 40 dəfə oturub-durmağı tapşırıram. Beləliklə, həmin idmançı öz yoldaşlarının halına acıyır və lazımsız hərəkətinə görə peşiman olaraq bir daha eyni səhvi təkrarlamır. Eyni zamanda idmançılar öz iradələrini artırır, fiziki cəhətdən inkişaf edirlər. Mən heç vaxt idmançılara sevgimi tam göstərmirəm. Doğrudur, hər birini çox istəyirəm. Məşqdən kənarda nə desələr etməyə hazıram. Lakin zalda ciddilik tələbkarıyam. İdman zalı qayğı göstərmək üçün yox, tər tökmək üçündür.”

Bir çoxları bu fikirdədirlər ki, peşəkar idmançı paralel olaraq həm idmana, həm də təhsilinə vaxt ayıra bilməz. Düşünürlər ki, idmançı mütləq bu iki yoldan birini seçməlidir. Vüsal Abdullzadə isə hər şeyin sadəcə istək və sevgi ilə bağlı olduğunu deyir. “Onlarca insan saymaq olar ki, onlar həm yaxşı oxuyur, həm də idmançı kimi fərqlənirlər. Əslində peşəkar idmançı savadlı olmalıdır. Ən azından ona görə ki, o konkret idman növünün nəzəriyyəsini, idman reabilitasiyasını və s. bilməlidir. Başqa bir tərəfdən isə idmançılar beynəlxalq aləmdə ölkəni təmsil edirlər. Və öz savadları, dünyagörüşləri ilə təmsil etdikləri ölkəni tanıdırlar. Biz müharibə şəraitində yaşayırıq. Torpaqlarımızın iyirmi faizindən çoxu tapdaq altındadır. Qarabağ həqiqətlərini, tarixi faktları bütün dünyaya çatdırmalıyıq. Bunun üçün isə təbii ki,  əvvəlcə, savadlı olmaq lazımdır. Məşhur bir rus məsəlində deyilir ki, insanı görünüşünə görə qəbul edib, ağlına görə yola salırlar. Yəni bir insan üçün fiziki görkəm nə qədər vacibdirsə, savad da bir o qədər əhəmiyyətlidir. Mən o insana kamil deyərəm ki, həm fiziki cəhətdən sağlam, həm də savadlı olsun”-deyə, müsahibimiz fikirlərini bölüşdü.

 

Bakı karate-do akademiyasının yetirmələri müəllimlərinin yolunu davam elətdirirlər

Müxtəlif məsələlərlə bağlı Bakı-karate do akademiyasının prezidentinin fikirlərini öyrəndikdən sonra onun tələbələri ilə həmsöhbət olmağı məqsədəuyğun hesab etdik. Buranın yetirmələrindən Nihat Hüseynli cəmi üç ildir  ki, karate ilə məşğul olmasına baxmayaraq artıq beynəlxalq arenalarda öz sözünü deyib. “Mən respublika çempionuyam. Bununla yanaşı 2018-ci ildə Bakıda kaçirilen dünya kuboku yarışının qalibi oldum. 2019-cu ilin aprel ayının 20-dən 27-dək Portuqaliyada  təşkil edilən Dünya çempionatında ikini yeri tutdum. Mayda Ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş beynəlxalq turnirdə bürünc mükafata layiq görüldüm. İnanıram ki, gələcəkdə daha böyük nailiyyətlər qazanaraq müəllimimizin zəhmətlərini doğruldacam. Dünya karatesinin brilyantı olan Rafael Ağayevi özümə nümunə seçmişəm. Məqsədim onun kimi bir idmançı olmaqdır”.

Səid Rüstəmov da Bakı karate-do akademiyasının titullu idmançılarındandır. O, iki dünya kubokunun qalibi, həmçinin dünya çempionatının bürünc mükafatçısı, altı qat respublika çempionudur. “Mənim 12 yaşım var. Altı ildir ki, karate ilə məşğulam. Bu illər ərzində Vüsal müəllimdən çox şey öyrənmişəm. O, əsl müəllimdir. Çalışacam ki, həmişə etimadını doğruldum.”

Zaur Mirzəzadə Bakı karate-do akademiyanın ən kiçikyaşlı idmançısıdır. Onun cəmi 8 yaşı var. Uğurları isə kifayət qədərdir. Zaurun sözlərinə görə, o, cəmi bir il yarımdır ki, karate ilə məşğul olmasına baxmayaraq, artıq kadetlər arasında dünya çempionudur. “Mən dünya və respublika çempionuyam. Bu nəticələr məni çox sevindirir. Çalışıram ki, məşq zamanı müəllimimin tapşırıqlarını düzgün və dəqiq yerinə yetirim. Bilirəm ki, iradəli və səbrli olsam gələcəkdə titullu idmançı ola bilərəm. Vüsal müəlllimin də tez-tez dediyi kimi, əsas odur ki, məşqlərə məsuliyyətlə yanaşasan. Öz həmyaşıdlarıma da məsləhət görərdim ki, idmanla məşğul olsunlar. Çünki idman sağlamlıqdır.”

Bir ildir ki, Vüsal Abdullazadənin rəhbərliyi altında karatenin sirlərinə yiyələnən Saleh Hümbətli belə düşünür ki, idmançının gələcək karyerası üçün ilk məşqlər mühüm rol oynayır. “Mən respublika çempionuyam. Doğrudur, hələ ki, beynəlxalq arenalarda nailiyyətim yoxdur. Ancaq əminəm ki, olacaq. Çünki Vüsal müəllim digər bütün tələbələri kimi mənə də diqqət və qayğı ilə yanaşır. Bizi əsl idmançı kimi yetişdirir. Bəlkə də, məşqçim başqa müəllim olsa idi, bu qədər əminliklə danışmazdım. Amma məhz Vüsal müəllimin tələbəsi olduğuma görə deyirəm ki, mən gələcəkdə nüfuzlu yarışlarda öz sözümü deyəcəm. Vüsal müəllim özünün sadəliyi və səmimiliyi ilə ilk günlərdən bizim sevgimizi qazanıb.”

Göründüyü kimi, Bakı Karate-do akademiyası idmanın inkişafına böyük təkan verir, burada konkret idman növünün sirlərinə yiyələnənlərin həm də hərbi-vətənpərvərlik ruhunda böyüməsini təmin edir. Bütün bunlar isə çox sevindiriricidir. Akademiyanın rəhbəri üç qat dünya çempionu Vüsal Abdullazadənin və onun yetirmələrinin dediklərindən belə qənaətə gəlmək olar ki, gələcəkdə bu idman ocağının yenə də öz uğurları ilə fərqlənəcək.

Kənan Novruzov

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO