Ölkələrin ərazi bütövlüyünə və suverenliyinə zəmanət verməliyik – BMT rəsmisi
“BMT və Qoşulmama Hərəkatı dünyanı xilas etmək və təhlükəsizliyi təmin etmək naminə ortaq fikrə sadiqdir”.
Rakus.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande Bakıda Qoşulmama Hərəkatının XVIII sammitinin açılışında deyib.
O bildirib ki, Zirvə Görüşü Qoşulmama Hərəkatına üzv ölkələr arasında həmrəyliyin olmasının göstəricisidir: “İkinci Dünya müharibəsindən sonra yaradılan BMT daima sülh və ədalətin olmasına çalışıb. BMT-nin Nizamnaməsi sülh üçün ən böyük zəmanətdir. Biz terrorçuluğa, dağıdıcı müharibələrə qarşı əməkdaşlıq etməklə öz məqsədlərimizə çatmalı və Qoşulmama Hərəkatının prinsiplərini hər zaman uca tutmalıyıq”.
BMT Baş Assambleyasının Prezidenti qeyd edib ki, dünyada sülhün bərqərar olmasının əsasında “Bandunq Prinsipləri” və BMT Nizamnaməsi dayanmalıdır: “Biz elə həll variantları tapmalıyıq ki, çoxsaylı problemlər həll olunsun və bu, bütün dünya ölkələrini əhatə etsin. Biz sülhün bərqərar olmasına, sosial ədalətə nail olmalıyıq. Təhsilə çıxışı təmin etməli, işsizliyə və digər sosial çətinliyə qarşı mübarizə aparmalı, ailələrin, xüsusilə də gənc qızların hüquqlarını qorumalıyıq. Gənc qızların təhsilə çıxışı çox vacibdir, bu səylər davamlı şəkildə göstərilməlidir. Eyni zamanda, biz dünyada alovlanan münaqişələrin qarşısını almalıyıq”.
Tijjani Məhəmməd-Bande Qoşulmama Hərəkatına sədrlik edəcəyi müddətdə Azərbaycana uğurlar arzulayıb.