Onlar futboldan uzaqlaşdırıldı – SİYAHI
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) “danışılmış oyunlar”a qarşı apardığı mübarizə çərçivəsində müxtəlif oyunlar mütəmadi qaydada izlənir.
Assosiasiyadan verilən məlumata görə, qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə və futbol tədbirləri (oyunlar, məşqlər və s.) zamanı stadionlara girişinə qadağa qoyulur:
Namiq Yusifov – “Qarabağ” FK-nın sabiq oyunçusu
Ceyhun Quliyev – “Səbail-2” komandasının sabiq oyunçusu
Kamran Əkbərov – “Səbail-2” komandasının inzibatçısı, U-19 milli komandasının sabiq inzibatçısı
Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.
Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.