OPERATİV QƏRARGAH: Daha 15 nəfər koronavirusa yoluxdu
Azərbaycan Respublikasında 15 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Rakus.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.
Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 76 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan altı nəfərinin vəziyyəti orta-ağır qiymətləndirilir, digərləri isə özlərini normal hiss edirlər, səhhətləri stabildir. Pasiyentlərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.
Ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif xəstəxanalarda yaradılmış karantin zonalarında 2126 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər görülür.
Koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır.
Buna görə də infeksiyasının yayılmasına yol verməmək üçün hər bir şəxs gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməlidir.
Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək, mövcud preventiv tədbirlərin şərtlərinə ciddi əməl etmək tələb olunur.