“Bu gün də Yeni Azərbaycan Partiyası vətəndaş maraqlarını bütün maraqlardan üstün tutaraq qanunverici orqanın yenilənməsini zəruri hesab edir. Bunun üçün Prezident İlham Əliyevə parlamentin buraxılmasını xahiş edib. Parlamentin buraxılması islahatların bu sahəyə də şamil edilməsini təmin edəcək”.
Rakus.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bildirib.
Onun sözlərinə görə, parlamentə məktub ünvanlanacaq.
Ə.Əhmədov qeyd edib ki, müraciət imzalanıb və yaxın zamanlarda parlamentə göndəriləcək: “Yaxın zamanlarda plenar iclasın gündəliyinə salınacağına inanıram. Azərbaycanda parlamentin buraxılmasına qeyri-adi yanaşmaq lazım deyil. Parlamentin buraxılması prosesinə ölkələrin əksəriyyətində tez-tez rast gəlinir. Məqsəd islahatlar coğrafiyasının genişlənməsidir. İnanıram ki, Azərbaycan cəmiyyəti YAP Siyasi Şurasının, YAP parlament fraksiyasının qərarını hörmətlə qarşılayacaq, qərar parlamentdə yeni ənənənin formalaşmasına öz töhfəsini verəcək və parlament tarixində yeni ənənənin başlanğıcını qoyacağıq”.