Azərbaycanlıların Qərbi Azərbaycana qayıdış hüququnun təmin edilməsi asanlaşdı - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
Rakus.az xəbər verir ki, “Bakı-İrəvan Göyçə gölünün suyunun birgə istifadə edəcək?” adlı süjetdə Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşündə sülh sazişinin paraflanması və Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşmadan sonra İrəvanda həqiqətə uyğun olmayan iddialardan bəhs olunur.
Bildirilir ki, “Bakı Qərbi Azərbaycana qayıdış planından imtina edir”, “Qərbi Azərbaycan icmasının adı dəyişdirilir” və s. iddiaların mənbəyi Ermənistan mediası, xüsusilə Paşinyan hakimiyyətinə yaxın informasiya resursları olub və bunun təsadüfi olmadığı aydındır.
Vurğulanır ki, Qərbi Azərbaycana qayıdışla bağlı doğru olmayan iddiaların ortaya atılmasında iki bəlli məqsəd görünür.
Birincisi, Azərbaycanla sülh sazişini paraflayan Ermənistan hakimiyyəti azərbaycanlıların qayıdış hüququnu gündəmdən çıxarmaq istəyir. İkincisi, azərbaycanlıların qayıdışının daim müzakirə olunduğu Ermənistan ictimai rəyini manipulyasiya etməyə çalışırlar.
Diqqətə çatdırılır ki, Ermənistan ictimai rəyinin mövcud mənzərəsi sülh müqaviləsi bağlandıqdan sonra azərbaycanlıların qayıdışının da qəbul ediləcəyi perspektivini ön plana çıxarır: “Lakin hazırda Qərbi Azərbaycan məsələsi, eləcə də Zəngəzur dəhlizinin açılması Ermənistanın daxili siyasətində iqtidarla müxalifətin mübarizəsindəki əsas elementə çevrilib. Paşinyan hakimiyyəti ilə müxalifət arasında qarşılıqlı ittihamlar və iddialar səsləndirilir. Həbsdə olan erməni keşiş Baqrat Qalastyan, keçmiş ombudsman Arman Tatoyan iddia edirlər ki, məsələ Zəngəzur dəhlizinin verilməsi yox, bütövlükdə Zəngəzurun Azərbaycana qaytarılmasından ibarətdir. Dəhlizin verilməsi bütövlükdə Zəngəzurun (Sünik) verilməsi deməkdir. Masanın üzərində konkret ərazilər var. Bu, Yuxarı Əskipara (Yuxarı Voskepar ), Kərki (Tiqranaşen) və Göyçə (Sevan) gölünün şərq hissəsinin Azərbaycana qaytarılmasından ibarətdir. Azərbaycanda 100 mindən çox Qərbi azərbaycanlının Ermənistana qayıtmaq üçün qeydiyyat prosesi başa çatıb. Qərbi Azərbaycan planının son hədəfi Ermənistanda demoqrafik vəziyyəti dəyişməkdir”.
Sonda vurğulanır ki, Ermənistanın ictimai-siyasi sferasında Qərbi Azərbaycan müzakirələri siyasi mübarizənin bir parçası olmaqla yanaşı, regionun yeni reallığından qaynaqlanır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında sentyabrın 11-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.