Pərviz Şahbazov “OPEC plus” nazirlərinin görüşünə qatılacaq

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə Energetika naziri Pərviz Şahbazov Avstriyanın paytaxtı Vyanaya səfər edib.
Rakus.az xəbər verir ki, nazir dekabrın 6-da keçiriləcək OPEC və qeyri-OPEC ölkələri (“OPEC plus”) nazirlərinin 7-ci görüşündə iştirak edəcək.
Energetika Nazirliyindən bildirilib ki, “OPEC plus” nazirlərinin Vyana görüşündə qlobal neft bazarının vəziyyəti müzakirə ediləcək. OPEC-in dünya iqtisadiyyatı və neft bazarının inkişaf tendensiyalarının təhlili əsasında hazırlanmış təqdimatı və ölkələr üzrə öhdəliklərin icra göstəriciləri nəzərdən keçiriləcək.
Xatırladaq ki, ötən il dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu il iyulun 1-dən 2020-ci ilin birinci rübünün sonunadək uzadılıb.