“Peşə təmayüllü siniflər”də bunlar öyrəniləcək
Bu gün Bakı şəhəri 120 nömrəli tam orta məktəbdə media nümayəndələrini “Peşə təmayüllü siniflər” pilot layihəsi çərçivəsində görülən işlərlə tanış etmək məqsədilə mediatur təşkil edilib.
Rakus.az xəbər verir ki, məktəbdə təşkil edilən bir peşə təmayüllü sinifdə 24 şagirdin təhsil aldığı bildirilib. Cari tədris ilində təmayül sinfində aqronom və dərzi ixtisasları tədris olunub. Bununla yanaşı, aşpaz ixtisası və təmir-tikinti profili üçün də şərait yaradılıb. Amma bu ixtisaslar növbəti ildən tədris olunacaq. Ümumi təhsil müəssisəsinin həyətində şagirdlərin əkinçilik sahəsi üzrə peşə biliklərinə yiyələnməsi üçün əkin sahəsi də ayrılıb.
Şagirdlərə tədris olunan əsas səriştələr və digər modulların dərslikləri paylanılıb.
Həmçinin, mediatur iştirakçılarına Təhsil Nazirliyi tərəfindən 2019-2020–ci tədris ili üçün Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şirvan, Masallı, Cəlilabad, Xaçmaz, Salyan, Biləsuvar, Şəki Qusar, Şəmkir və Sabirabadda yerləşən ümumilikdə 20 ümumi təhsil müəssisəsində şagirdlərin peşə seçimi və əmək fəaliyyətinə hazırlanması istiqamətində peşə təmayüllü siniflər təşkil edilməsi ilə bağlı məlumat verilib.