“Petkim” dünyanın öndə gedən 18 şirkətri sırasına düşdü
Dünya İqtisadi Forumu (WEF) SOCAR-ın Türkiyədəki “Petkim” neft-kimya kompleksini rəqəmsal texnologiyaların tətbiqi üzrə dünyanın 18 öndə gedən şirkətləri sırasına daxil edib.
Rakus.az xəbər verir ki, bu barədə WEF məlumat yayıb.
Bildirilir ki, 35 yaşındakı bu neft-kimya kompleksi dəyər yaratma yönündə rəqəmsal səyahətə başlayıb. “Petkim” özünün inkişaf etdirdiyi süni zəka alqoritmləri ilə sənaye proseslərini optimallaşdırıb və nəticədə operativ gəlirini 20 faizdən çox artırmağa nail olub.
SOCAR 2008-ci ildə “Petkim” şirkətinin səhmlərinin 51 faizini 2,04 milyard ABŞ dollarına alıb. Daha sonra Özəlləşdirmə İdarəsinə məxsus olan 10 faizlik payı alınıb və sonra o satılıb. O dövrdə “Petkim”in dövriyyəsi 2,1 milyard türk lirəsi olub. Bu illər ərzində “Petkim”in yaxşılaşdırılması üçün 760 milyon dollar investisiya qoyulub. Şirkət üçün ciddi bir sərmayə proqramı var və bu investisiya 2009-2012-ci illər arasında tədricən həyata keçirilib. Hazırda “Petkim” Türkiyənin ən böyük şirkətlərindən biridir. “Petkim” Türkiyənin neft-kimya məhsuluna olan tələbatının 20 faizini ödəyir.
SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. Hazırda STEAŞ “Petkim”də təxminən 51 faizlik paya sahibdir.
“Petkim” illik 3,6 milyon ton neft-kimya məhsulu istehsal edir.