“Ermənistan cəfəng bəyanatlar səsləndirir” – Politoloq analizi
“Ötən il ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsi ilə də xarakterik oldu”. İl ərzində ölkəmizdə çox mühüm beynəlxalq tədbirlər keçirildi. Paytaxtımız Qoşulmama Hərəkatının, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Dünya dini liderlərinin zirvə toplantılarına ev sahibliyi etdi. Regionun diplomatik paytaxtı olan Bakı ənənəsinə sadiq qalaraq NATO-Rusiya hərbi komandanlıqlarının müzakirə məkanına çevrildi”.
Rakus.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri, politoloq Samir Adıgözəlli bildirib.
O deyib ki, 2019-cu il Azərbaycanda köklü islahatlarla yadda qaldı. İlin əvvəlindən etibarən bütün ölkəni əhatə edən sistemli islahatlar ölkənin həyatını dəyişdi. Təkcə Azərbaycan dövlətçiliyi tarixinə sosialyönümlü il kimi düşən 2019-cu ildə həyata keçirilən islahatlara nəzər salsaq görərik ki, qısa zaman ərzində bu islahatlar özünü doğrultdu, ölkəmizin dinamik və davamlı inkişafına, əhalinin güzəranının, rifah halının yaxşılaşdırılmasına xidmət etdi. 2019-cu ildə böyük məmnunluqla qarşılanan sosial paket həyata keçirildi, uğurlu kadr islahatları aparıldı və bu islahatlar bu gün də davam edir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən bu islahatlar sistemli və əhatəli xarakter daşıyır.
Politoloq qeyd edib ki, qısa zaman ərzində dövlət orqanlarının optimallaşdırılması, daha çevik idarəetmə aparatının formalaşdırılması istiqamətində ciddi addımlar atıldı. Gənclərə böyük meydan verildi. Aparılan struktur və kadr dəyişiklikləri, məhkəmə-hüquq sistemdəki islahatlar Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanmaqla ölkəmizdə xalq-iqtidar birliyinin təməlini daha da möhkəmləndirdi. Bu faktlar onu deməyə əsas verir ki, 2019-cu ildə qarşıya qoyulmuş bütün məqsədlərə nail olunub.
S.Adıgözəlli bildirib ki, il ərzində münaqişə ilə bağlı Ermənistandan çox ziddiyyətli, bir-birini təkzib edən, cəfəng bəyanatlar səslənirdi. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, dövlətimizin ardıcıl, düşünülmüş siyasəti münaqişənin həllinə gətirib çıxaracaq. İqtisadi gücümüz, hərbi gücümüz, siyasi gücümüz, demoqrafik artım – bütün bu amillər bizim mövqeyimizi gücləndirir.
Politoloq, həmçinin vurğulayıb ki, böyük enerji layihələrinin icrasında ciddi irəliləyişlərə nail olundu. Şimaldan Cənuba, Şərqdən Qərbə uzanan enerji və nəqliyyat layihələrində ölkəmizin aparıcı rol oynaması beynəlxalq münasibətlər sistemindəki yerimizi də möhkəmləndirdi.