Prezident “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişikliyi təsdiqlədi
Prezident İlham Əliyev “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
APA-nın xəbərinə görə, qanuna aşağıdakı məzmunda 1.0.9-1–1.0.9-2-ci maddələr əlavə edilib:
“1.0.9-1. avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatoru (bundan sonra – operator) – avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən, işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, habelə sürücüsü (sürücüləri) hazırlıq səviyyəsinə dair tələblərə cavab verən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən uçota alınan hüquqi və ya fiziki şəxs;
1.0.9-2. operatorun məsul şəxsi – operatorun nəqliyyat fəaliyyətini faktiki və davamlı şəkildə müqavilə əsasında idarə edən, eləcə də peşəkarlıq səriştəsi ilə bağlı meyarlara cavab verən fiziki şəxs;”.
2. 50.1-ci maddəyə “uyğun olaraq” sözlərindən sonra “operator tərəfindən” sözləri və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:
“Operator işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, operatorun sürücüsü (sürücüləri) isə hazırlıq səviyyəsinə dair tələblərə cavab verməlidir.”.
3. 50.4-cü maddədə “daşıyıcılar” sözü “daşıyıcıları” sözü ilə əvəz olunub.
4. 50.5-ci maddə aşağıdakı redaksiyada verilib:
“50.5. Operatorun məsul şəxsi (şəxsləri), habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər müvafiq icra hakimiyyəti orqanı tərəfindən peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq keçməlidir. Hazırlığın keçirilməsi qaydası və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Hazırlıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir və keçirilir. Tədrisin nəticələrinə əsasən operatorun məsul şəxsinə və ya sürücüyə forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş sənəd verilir.”.
5. Aşağıdakı məzmunda 50.6-cı maddə əlavə edilib:
“50.6. Operatorun işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlar, sürücülərin hazırlıq səviyyəsinə dair tələblər, habelə operatorların uçotunun aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış qaydaları ilə müəyyən edilir.”.