Prezident: “Regionda yeni, çox ümidverici şərait yaranıb”
“Regionda yeni, çox ümidverici şərait yaranıb. Əminəm ki, müsbət meyillər daha da artacaq. Hər halda, Azərbaycan buna hazırdır və biz bu gün regionun inkişafı barədə düşündüklərimizi ətraflı müzakirə edəcəyik. Əlbəttə, üçtərəfli Bəyanat bizim regionda möhkəm və uzunmüddətli sülhün bərqərar olması işində mühüm addımdır”.
Rakus.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən səsləndirib.
Rusiya Prezidenti Vladimir Putinin şəxsi rolunu xüsusi qeyd edən dövlətimizin başçısı deyib: “O, razılaşmanın mətninin hazırlanmasında çox fəal, səmərəli iştirak edib və bu razılaşmanın uğurla reallaşması faktı çox cəhətdən məhz bu mətnin altında Rusiya Federasiyası Prezidentinin də imzasının olmasından asılıdır”.
Prezident İlham Əliyev regionda təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi işində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oynadığı mühüm rolu da qeyd edib. “Düşünürəm ki, bütövlükdə həm sülhməramlı missiya baxımından, həm də regionda uzunmüddətli əməkdaşlıq baxımından tərəfdaşlığın formatı bu gün yeni xüsusiyyətlər kəsb edir. Mənim fikrimcə, bu, region ölkələrinin əsas mənafelərinə uyğundur, çünki bizim region ölkələri, təbii ki, təhlükəsizliyin möhkəmlənməsi məsələlərində də əsas rol oynamalıdırlar. Üçtərəfli Bəyanatda razılaşdırılmış məqamlar onu göstərir ki, xoş məram və konstruktiv yanaşma olduqda əvvəllər həlledilməz hesab olunan məsələləri həll etmək olar”, – Azərbaycan Prezidenti vurğulayıb.