Problemli 79 saylı dairə ilə bağlı qərar açıqlandı
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar parlament seçkiləri ilə əlaqədar 79 saylı İmişli seçki dairəsi üzrə daxil olan müraciətlərə baxılıb.
Rakus.az xəbər verir ki, bu dairə üzrə müraciətlər haqqında MSK üzvü Baxşeyiş Əsgərov məlumat verib. O qeyd edib ki, həmin dairədən qeydə alınmış bir neçə namizəd müraciət edərək, bəzi məntəqələrdə seçkinin şəffaf keçirilmədiyini diqqətə çatdırıblar. Namizədlər dairə üzrə nəticələrin ləğvi ilə bağlı MSK-ya müraciət ediblər.
Komissiyanın ekspert qrupunun rəyi əsasında şikayət təmin edilib. Beləliklə, həmin dairə üzrə beş məntəqənin nəticələri ləğv edilib. Bu, 14, 16, 21, 23, 25 saylı məntəqələrdir.
Xatırladaq ki, Seçki Məcəlləsinə əsasən dairə üzrə məntəqələrin 2/5-sinin nəticələri ləğv edilirsə, bu dairə üzrə nəticələr etibarsız sayılır. 79 saylı seçki dairəsində bu yetərsay təmin olunmadığından dairənin ümumi nəticələri ləğv edilmir. Onu da qeyd edək ki, bu dairədən qalib namizəd Razi Nurullayevdir.