Rusiya Prezidenti Vladimir Putin bildirib ki, oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevi qaçqınların Şuşa şəhərinə qayıtması şərti ilə Qarabağda hərbi fəaliyyətləri dayandırmağa razı salıb, lakin Ermənistan bunun əleyhinə çıxış edib.
Rakus.az xəbər verir ki, Putin bildirib ki, 19-20 oktyabrda həm İlham Əliyev, həm də Nikol Paşinyanla bir sıra telefon danışıqları aparıb. Putinin sözlərinə görə, onun üçün gözlənilməz şəkildə İrəvan bu təklifi qəbul etməyib.
Rusiya lideri əlavə edib ki, döyüşlərin sona çatmasına qədər Qarabağda vəziyyət kritik olub, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar aparmaq vaxt çatışmazlığına görə mümkünsüz olub.
V.Putin bildirib ki, Ermənistanın Qarabağla bağlı 10 noyabrda əldə olunmuş razılaşmadan imtina etməsi ölkə üçün intihar ola bilər.
“Azərbaycan Silahlı Qüvvələri Şuşanı nəzarətə götürdü. Paşinyanın dediyi kimi, vəziyyət erməni tərəfi üçün kritik idi. Saatların hesabı gedirdi. Xankəndinin götürülməsi və sonrakı irəliləyiş mümkün idi”, – o qeyd edib.
Rusiya prezidenti regionda qan tökülməsini dayandırmağa nail olmağın çox vacib olduğunu vurğulayıb.