Qabil Məmmədov boks üzrə Rusiya çempionu oldu
Rusiyanın Orenburq vilayətində yaşayan soydaşımız Qabil Məmmədov bu ölkənin boks üzrə üçqat çempionu adını qazanıb.
Rakus.az xəbər verir ki, Orenburqda keçirilən boks üzrə Rusiya çempionatının finalında Qabil Məmmədov 63 kiloqram çəki dərəcəsində Tuladan olan boksçu İlya Şakirovu məğlub edərək çempion adına sahiblənib. Qabil Məmmədov 2018-ci və 2019-cu illərdə də boks üzrə Rusiya çempionu adına layiq görülüb.
Budəfəki çempionatda soydaşımız yarımfinala çıxmaq uğrunda döyüşlərin birində Moskva idmançısı Arman Qalstyanı məğlub edib. Həmin qarşılaşmada üç raundun nəticələrinə görə Qabil hakimlərin yekdil rəyinə əsasən qalib elan edilib.
Kişilər arasında boks üzrə Rusiya çempionatı noyabrın 28-də start götürüb. Yarışların nəticələrinə görə Tokioda keçiriləcək Olimpiya oyunlarında iştirak edəcək Rusiya yığmasının tərkibi müəyyən ediləcək.
Qabil Məmmədov 1994-cü ildə Orenburqda anadan olub. O, 15 ilə yaxındır peşəkar boksla məşğuldur. Rusiyanın beynəlxalq dərəcəli idman ustasıdır.