Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Liliparın təqdimatında “Görmədiyi yurdun həsrətinin əsəri – “Ev dustağıyam” adlı süjet hazırlanıb.
Rakus.az xəbər verir ki, müəllifi Şah Selimi Türkay olan “Ev dustağıyam” əsəri əsasında hazırlanmış süjetdə Zəngəzur mahalının Qacaran şəhərindən çıxmamaq üçün ailəsini evinə qapadan babanın – Şahsuvar müəllimin hekayəsi və Qərbi Azərbaycan faktoru araşdırılır.
Bildirilir ki, Şahsuvar müəllimin dərin insani keyfiyyətləri, həyata nikbin baxışı, insansevərliyi, peşəsinə, Vətəninə və ailəsinə olan həddsiz sevgisi onu Qərbi Azərbaycan torpaqlarından uzaq düşən könlünün yaşadığı Vətən dustaqlığından daxilindəki azadlığa sığındırır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş mayın 17-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.