“Qapıda ciddi yoxlama prosesi olacaq” -Məleykə Abbaszadə
“Kimsə düşünməsin ki, maska taxıb imtahan zalına telefon keçirə biləcək. Çünki qapıda ciddi yoxlama prosesi olacaq”.
Rakus.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.
O bildirib ki, abituriyentlər və valideynlərin qeyd olunan saatda binaların önünə gəlməsi vacibdir: “Kimsə gecikməsin. Belə olsa binanın həyətində sosial məsafə prinsipi pozula bilər”.
DİM sədri əlavə edib ki, kimin hərarəti olsa, o, imtahana buraxılmayacaq: “Hər imtahan binasının yanında təcili yardım maşını olacaq. Səhhətində ciddi problemi olan şəxslərə dərhal yerində yardım göstəriləcək”.
Onun sözlərinə görə, artıq iyun ayı üçün keçirilməsi nəzərdə tutulan buraxılış imtahanlarının cədvəl qrafiki açıqlanıb. 190 000 şagird bir ay ərzində buraxılış imtahanlarında iştirak etməlidir. Onlardan 94 mini 11-ci sinfin məzunlarıdır: “Təxminən, 45 min insan hər həftə imtahana qatılacaq: “1500-ə yaxın məktəb binası imtahanlar üçün ayrılıb və həmin yerlərə tərəfimizdən baxış keçirilib. Binaların hazırlığı ciddi məsələ idi. Çünki binanın sanitar-gigiyena qaydalarına uyğun hazırlanması mütləq idi. Bu gündən etibarən imtahanlara buraxılış vərəqələrinin çapına başlanılıb. İmtahanlarda iştirak edəcək şəxslər mütləq “Yaddaş kitabçası” da əldə etməlidirlər. İmtahana hər bir şəxs qoruyucu tibbi maska ilə gəlməlidir”.