“Qarabağ Azərbaycandır!” turnirinin qalibi bilindi - FOTO
“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı, Təhsil Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə “Qarabağ Azərbaycandır!” onlayn beynəlxalq şahmat turniri keçirilib.
Rakus.az xəbər verir ki, turnirin qalibi 11 oyundan 8,5 xal toplayan təmsilçimiz Xəzər Babazadə olub.
İkinci yerdə 17 yaşadək şahmatçılar arasında dünyanın ən yüksək reytinqli idmançısı, özbəkistanlı Nodirbek Abusattarov qərarlaşıb.
Üçüncü və dördüncü yerləri eyni xal toplayan belarusiyalı Denis Lazavik və həmyerlimiz Əhməd Əhmədzadə bölüşüblər.
Əlavə əmsallara görə, D.Lazavik 3-cü, Ə.Əhmədzadə isə 4-cü olub. Turnirdə 33 ölkədən 160 şahmatçı iştirak edib.
“Ən yaxşı nəticə göstərən azərbaycanlı şahmatçı” nominasiyasında Aydın Süleymanlı 1-ci (ümumi hesabda 6-cı), Məhəmməd Muradlı 2-ci (ümumi hesabda 9-cu) , Şiroğlan Talıbov isə 3-cü (ümumi hesabda 15-ci) yerin sahibi olub.
On iki yaşadək şahmatçılar arasında 1-2-ci yerləri Türkiyə təmsilçiləri tutublar. Ediz Gürəl 1-ci, Bora Yarar 2-ci yerə sahib çıxıb. Üçüncü yerə isə həmyerlimiz Cahandar Azadəliyev layiq görülüb.
Qızlar arasında Qazaxıstan təmsilçisi Assel Lezbekova, Azərbaycan şahmatçısı Mələk İsmayıl, gürcüstanlı Pipiya Yekaterina ilk üç yeri tutublar.
Oyunların şəffaflığını təmin etmək məqsədilə “Zoom” proqramı üzərindən nəzarət təşkil olunub. Oyunçular final mərhələsinin bütün oyunlarını təşkilat komitəsi üzvlərinin nəzarəti ilə 2 kamera (ön və arxa) qarşısında oynayıblar.
“Qarabağ Azərbaycandır!” onlayn beynəlxalq turnirinin təşkilində məqsəd Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasının qeyd edilməsi, dünyada koronavirus pandemiyasının geniş yayılması ilə əlaqədar tətbiq olunan karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübələrinin artırılmasından ibarət olub.