“Qarabağ” UEFA-nın texniki məğlubiyyət qərarını şərh etdi
Dünən UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda İspaniyada “Villarreal”la qarşılaşmalı olan, lakin koronavirusa kütləvi yoluxma səbəbindən səfərə gedə bilməyən “Qarabağ”a texniki məğlubiyyət (0:3) verilib.
Rakus.az xəbər verir ki, “Qarabağ”ın baş meneceri Asif Əsgərov Sportinfo.az-a açıqlamasında UEFA-nın qərarını şərh edib:
“Biz quruma göndərdiyimiz məktubda oyunun ertələnməsini istəmişdik. Bunun üçün ehtiyat gün olaraq yanvarın 28-i nəzərdə tutulmuşdu.
UEFA məsələni araşdırdı və gördü ki, “Villarreal”ın yanvar təqvimi çox sıxdır. İspanların təqvimi imkan vermədi ki, oyun göstərilən tarixdə baş tutsun.
Çünki İspaniyada çempionat və kubok oyunlarına görə komandalar demək olar ki, hər üç gündən bir meydana çıxır”.
Xatırladaq ki, bu nəticə komandaların I qrupdakı mövqelərinə təsir etməyib. Xallarının sayını 16-ya çatdıran La Liqa təmsilçisi zirvədə qalıb. Azərbaycan çempionu isə qrup mərhələsini bir xalla sonuncu pillədə başa vurub.