Rakus.az xəbər verir ki, bunu “Report”a açıqlamasında tarix üzrə fəlsəfə doktoru, dosent Boran Əziz deyib.
Onun sözlərinə görə, işğalçı ordunun özbaşınalığı, həmçinin soyğunçuluğu üsyanın başlanmasının əsas səbəblərindən biri olub: “Ölkə ərazisində üsyanların başvermə səbəbi XI Qırmızı Ordunun özünü hədsiz dərəcədə talançı, soyğunçu kimi aparması, Azərbaycan Ordusunun əsgər və zabitlərinə qarşı təhqiramiz hərəkətlər etməsi idi. Baxmayaraq ki, 1920-ci il aprelin 27-dən 28-nə keçən gecə parlamentin son iclasında hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqında aktın müddəalarının birində yerli hərbçilərə toxunulmayacağı bildirilmişdi, ancaq bolşeviklər bu vədə tamamilə əməl etməyərək Azərbaycan Ordusunun ləğv edilməsi və XI Qırmızı Orduya tabe edilməsi ilə bağlı fəaliyyətə başlamışdı. Onlar bununla da kifayətlənməyərək xarici ölkələrdən Azərbaycan Silahlı Qüvvələri üçün alınmış paltar, ayaqqabı və s. nəinki anbardan, hətta birbaşa əsgərlərimizin əynindən çıxardırdılar. Çünki XI Qırmızı Ordu Azərbaycan ac-yalavac durumda gəlmişdi. Azərbaycan Ordusunun belə paltarlarla təchiz edilməsi həm də onlarda qıcıq oyadıb. Qısası, Azərbaycan Ordusuna qarşı təhqiramiz münasibət, onların əmlaklarının soyulub talanması, kəndlilərin, sahibkarların evlərindən qəsb etdikləri əmlakın vaqonlara doldurularaq Rusiyaya göndərilməsi, ölkə əhalisinin namusuna qəsd edilməsi xalqın səbir kasasını daşdırdı”.
B.Əziz bildirib ki, Qarabağ üsyanında Osmanlı dövlətinin əfsanəvi komandanı Ənvər paşanın qardaşı, həmçinin Bakının qurtarıcısı kimi də tanınan Nuru paşa da iştirak edib: “Gəncə üsyanı yatırılsa da, Azərbaycan əsgərləri və əhalisi müqavimət göstərməyə davam edirdi. Ümumiyyətlə araşdırmalar da göstərir ki, 1920-1924-cü illər arasında Azərbaycanda 54 antisovet üsyanı baş verib. Gəncədən sonra üsyan Tərtər, Bərdə Ağdam, Şuşada davam edib. Şuşadakı üsyanda həm də Nuru paşa yaxından iştirak edib. 15 gündən çox hakimiyyəti əllərində saxlasalar da, sovet qoşununun say, həmçinin silah baxımından üstün olması üsyançıların məğlub olmasına təsir göstərən başlıca amillərdən olub”.
Tarixçi alim üsyanın Azərbaycan tarixindəki yerinə də toxunaraq bunun yalnızca tarixi deyil, həm də siyasi önəm daşıdığını da vurğulayıb: “Bəziləri bu üsyanı anlamsız hesab edir. Onlara görə, XI Qırmızı Ordu sayca çoxluq təşkil edirdi deyə üsyan onsuz da yatırılacaqdı. Bu yanaşma tamamilə yanlışdır. Məhəmməd Əmin Rəsulzadə deyirdi ki, bu üsyanlar Azərbaycan xalqının namusunu xilas etdi: “Mən bilməm ki, bu üsyanlar dəxi olmasa idi, onda Azərbaycan xalqı öz namusunu müdafiə etdiyini və onun uğrunda vuruşduğunu nə ilə sübut edə bilərdi?” Bu baxımdan bu üsyanların çox böyük siyasi və tarixi əhəmiyyəti var. Həmçinin üsyanlardan sonra bolşevik rəhbərliyi ordunun davranışı barədə müəyyən göstərişlər vermək məcburiyyətində qaldı. Artıq onlara istədikləri vaxt Azərbaycan əhalisinin evlərinə soxulmağı qadağan etdilər və bundan sonra əhaliyə qarşı qəddar münasibət qismən də olsa aradan qaldırıldı”.
B.Əziz mövzunun daha geniş araşdırılmasını vacib hesab edir: “Müəyyən araşdırmaçılar onu elmi iş kimi götürüb, təəssüf ki, başa çatdırmayıblar. Bu səbəbdən mövzunun daha geniş və əhatəli işlənməyə ehtiyacı var. Bununla belə, mövzu barədə müəyyən məqalələr var, bunu da inkar etmək olmaz”.