“Qarabağ” və “Dandolk” un start heyətləri açıqlandı
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İrlandiyada keçiriləcək “Dandolk” – “Qarabağ” oyunu üçün komandaların start heyətləri açıqlanıb.
Rakus.az xəbər verir ki, “Oriel Park” stadionunda baş tutacaq görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Vaqner da Silva, Maksim Medvedev, Rəşad Sadıqov, Rahil Məmmədov, Aylton, Simeon Slavçev, Romero, Mahir Emreli, Abdullah Zubir və Riçard Almeyda yer alıblar.
Meydan sahibi “Dandolk”un heyətində isə meydana Qari Rocers, Şon Qennon, Şon Hoare, Kris Şildz, Maykl Daffi, Patrik Hoban, Ceymi MakQret, Patik MakEleni, Deyn Massey, Robbi Benson və Endi Boyl çıxacaqlar.
Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Oyunu polşalı hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın referisi Bartoş Frankovskidir. Marçin Bonyek və Yakub Vinkler yan xətt hakimləri olacaqlar. Daniel Stefanski dördüncü hakim funksiyasını yerinə yetirəcək. İsveçli Peter Froydfeldt hakim-inspektor, lüksemburqlu Şarl Şak isə UEFA nümayəndəsidir.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv birinci təsnifat mərhələsində Albaniya çempionu “Partizani”ni mübarizədən kənarlaşdırıb. Tiranada keçirilmiş ilk matçda hesab açılmasa da, Bakıdakı oyunda Filip Ozobiç və Dani Kintananın qolları (2:0) “Qarabağ”ı növbəti mərhələyə çıxarıb.
“Dandolk” Azərbaycan təmsilçisi ilə qarşılaşan ilk İrlandiya klubu kimi tarixə düşəcək. Bu rəqib birinci təsnifat mərhələsində Latviya “Riqa”sını penaltilər seriyasında üstələyib – 5:4.
Son 5 mövsümdə avrokuboklarda qrupa düşməyi bacaran “Qarabağ”ın heyətində zədəli Bədavi Hüseynov meydana çıxa bilməyəcək. Əvəzində yeni transferlər – cinah müdafiəçisi Faysal Rerrars və hücumçu Maqaye Qeye İrlandiya çempionu ilə görüşlər üçün sifariş olunublar.
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması iyulun 31-də Bakıdakı “Dalğa Arena”da olacaq. Matç saat 21:00-da start götürəcək.