Gündəm 24.11.2020 13:00

Qarabağda dağıdılan dini abidələrimizlə bağlı birgə BƏYANAT

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Qarabağda erməni vandallar tərəfindən dağıdılan və zərər vurulan dini abidələrimizlə bağlı birgə bəyanat veriblər.

Rakus.az xəbər verir ki, bu barədə QMİ-nin mətbuat xidməti məlumat yayıb.

Bəyanatda deyilir:

“Biz, Azərbaycandakı müsəlman, pravoslav, alban-udi və yəhudi dini konfessiyalarının rəhbərləri dindarların arzu və iradəsini ifadə edərək xarici ölkələrin dövlət və hökumət başçılarına, beynəlxalq təşkilatların rəhbərlərinə, dini liderlərə və dünya ictimaiyyətinə müraciət edirik.

Bu günlərdə öz ərazi bütövlüyünü bərpa etmək uğrunda 30 illik mücadilədən sonra Azərbaycanın üçrəngli dövlət bayrağının Qarabağ torpaqları üzərində yenidən dalğalanması çoxmillətli və çoxkonfessiyalı ölkəmizdə tarixi ədalət və istiqrarın qələbəsi anlamını verir. Azərbaycan dövləti və onun Prezidenti Zati-aliləri cənab İlham Əliyev sülhsevər siyasət yeridərək, uzun illər ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında sülh yolu ilə həllində ardıcıllıq nümayiş etdirirdi. Bu illər ərzində siyasi danışıqlar nəticə vermədi, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT qətnamələri yerinə yetirilmədi. Ermənistan tərəfinin növbəti hərbi təxribatlarının qarşısını almaq məcburiyyətində qalan Azərbaycan xalqı öz ərazi bütövlüyünü bərpa etmək uğrunda Vətən müharibəsinə qalxdı və bu savaş beynəlxalq hüququn və ədalətin təntənəsi ilə nəticələndi. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanlar arasında müsəlmanlarla yanaşı xristian və yəhudilər də vardır.

Lakin dünya ictimaiyyəti bilməlidir ki, Ermənistan Azərbaycana qarşı təkcə etnik təmizləmə, soyqırımı və işğal deyil, uzun illər ərzində ölkəmizin öz müxtəlifliyi ilə fərqlənən mədəni və mənəvi irsinə qarşı təcavüz siyasəti yeridib. Ermənistanın monoetnikliyə söykənən dövlət siyasəti onun işğal etdiyi ərazilərdə də yalnız erməni izi yaratmağa xidmət edib. Digər xalqlara və dinlərə qarşı dözümsüzlüklə səciyyələnən cəmiyyət yaratmış Ermənistan çoxmillətli və çoxkonfessiyalı Azərbaycanın işğal altında olan ərazilərində tarixən mövcud olmuş qədim alban, pravoslav, müsəlman dini və mədəni irsini tamamilə silməyə çalışıb. Mədəni-mənəvi irs nümunələrimizi ya tamamilə dağıdıb, ya da tarixini və mənşəyini saxtalaşdıraraq özününkiləşdirib – erməniləşdirib, qriqoryanlaşdırıb.

Ermənistandan fərqli olaraq Azərbaycanda, paytaxt Bakıda və müxtəlif bölgələrdə minlərlə erməni əsilli vətəndaş əmin-amanlıq şəraitində yaşayır, Bakının mərkəzində erməni kilsəsi və onun kitabxanası dövlət tərəfindən abadlaşdırılaraq qorunur. Azərbaycanın işğal olunmuş ərazilərində isə məscid, məbəd və məzarlıqlar, tarixi abidələr, muzeylər, kitabxanalar dağıdılıb və talan edilib, Qafqaz Albaniyasına məxsus xristian məbədləri və rus pravoslav kilsələri qriqoriyanlaşdırılıb, məscidlər tövləyə çevrilərək İslam dinində haram sayılan heyvanların saxlanılması kimi misli görünməmiş həqarət əməllərinə məruz qalıb. Qarabağ ərazisində mövcud olan 67 məsciddən 63-ü yerlə yeksan edilib, qalan 3 məscidə isə ciddi zərər vurulub. Ermənistan öz ərazisində yerləşən tarixi Azərbaycan dini abidələrini – İrəvan “Şah Abbas”, “Sərdar”, “Hacı Novruz Əli” və digər məscidləri tamamilə uçurub, Göy məscidin arxitektura xüsusiyyətlərini dəyişərək özgəninkiləşdirib. Yalnız müsəlman məscidlərini məhv etməklə kifayətlənməyən Ermənistan Şuşadakı İoann Predteça pravoslav kilsəsini, digər bölgələrdəki alban-udi məbədlərini qəsb edərək qriqoryanlaşdırıb, Xocavənd pravoslav kilsəsini tamamilə dağıdıb. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi “Böyük Ermənistan” yaratmaq xülyası ilə bizim minilliklər ərzində yaşadığımız torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək olub.

İllərlə öz təcavüzkar siyasətini davam etdirən Ermənistan rejimi beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarına heç bir məhəl qoymayıb, işğal etdiyi torpaqlarda yanğınlar, fosforlu bombalar, zəhərli maddələr və minalar vasitəsilə ekoloji cinayətlər törədib. Bu gün onların Azərbaycan ərazilərindən çıxarkən törətdikləri vəhşiliklər, maddi-mənəvi sərvətlərin talan edilməsi, sənət əsərlərinin oğurlanması, meşələrə və mülki obyektlərə od vurulması kimi real faktlar dünya mediası tərəfindən geniş işıqlandırılır.

Ermənistanın çoxmillətli və çoxkonfessiyalı Azərbaycan xalqının dini və mədəni irsinin məhv edilməsi və saxtalaşdırılmasına yönəlmiş əməlləri beynəlxalq humanitar hüquq, o cümlədən Cenevrə Konvensiyalarının açıq-aşkar pozulması ilə yanaşı, bütün bəşər mədəniyyətinə və ümumdünya əhəmiyyətli irsinə qarşı təcavüzdür.

Multikultural ənənələrə sadiq olan Azərbaycan Hökuməti mədəni-mənəvi dəyərlərin qorunması siyasətini prioritet istiqamət kimi dəyərləndirir və nəinki ölkə daxilində, hətta dünyanın müxtəlif bölgələrində, o cümlədən Vatikanda, Fransada, Bolqarıstanda, Serbiyada tarixi abidələrin, məscid və kilsələrin bərpasına əvəzsiz töhfələr verir. Dünyanın multikulturalizm mərkəzlərindən biri kimi tanınan Azərbaycan sivilizasiyalararası və dinlərarası dialoqu təşviq edən bir sıra nüfuzlu beynəlxalq tədbirlərə, o cümlədən 2019-cu ilin noyabr ayında Dünya dini liderlərinin II Bakı sammitinə ev sahibliyi edib. 2016-cı ilin oktyabr ayında Azərbaycana səfər edən Roma Papası Fransisk ölkəmizdə müxtəlif mədəniyyətlər və dini konfessiyalar arasında əməkdaşlıq və dialoqu yüksək qiymətləndirib.

Hazırda Ermənistan Azərbaycana qarşı dini mövzuda yalan təbliğat aparır, işğaldan azad olunmuş ərazilərimizdə dini-mədəni abidələrin guya Azərbaycan tərəfindən dağıdılmasına yönələn addımların atıldığını iddia edir, öz təxribatını ölkəmizin adına yazmağa cəhd göstərir. Bu qədər real faktların müqabilində təcavüzkar Ermənistanın davamlı riyakar çıxışları, feyk xəbərləri, özünü məzlum göstərən yalan informasiyaları Azərbaycan vətəndaşlarının, tolerant, multikultural ölkədə yaşayan bütün dini konfessiya nümayəndələrinin haqlı qəzəbinə səbəb olur.

Azərbaycanın dövlət başçısı öz müraciət və müsahibələrində dəfələrlə bəyan edib ki, Azərbaycanın digər ərazilərində olduğu kimi işğaldan azad olunmuş torpaqlarda da bütün dini və mədəni abidələr, ibadət evləri bərpa ediləcək, hər bir insanın inancına hörmətlə yanaşılacaq, sülh şəraitində birgəyaşayış təmin olunacaqdır. Tarix boyu Azərbaycanda firavan yaşayan və öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirən xristian pravoslav, katolik, Dağ yəhudiləri, Alban-udi xristian, aşkenazi-Avropa yəhudiləri və digər dini icmalarının rəhbərləri olaraq Azərbaycanın bu sülhpərvər siyasətini dəstəkləyir, tariximizin və mədəniyyətimizin bərpası sahəsində görüləcək möhtəşəm quruculuq işlərinə xeyir-dualar veririk.

Biz, Azərbaycandakı dini konfessiya rəhbərləri xarici ölkələrin dövlət və hökumət başçılarına, beynəlxalq təşkilatların rəhbərlərinə, dini liderlərə və dünya ictimaiyyətinə müraciət edərək, onları ölkəmizdə və yaşadığımız bölgədə sülh, əmin-amanlıq və birgəyaşayışın bərqərar olmasına dəstək verməyə çağırırıq!

Şeyxülislam Allahşükür PAŞAZADƏ

Qafqaz Müsəlmanları İdarəsinin sədri

ALEKSANDR

Bakı və Azərbaycan Arxiyepiskopu

Milix YEVDAYEV

Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri

Aleksandr ŞAROVSKİ

Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri

Şneor SEQAL

Azərbaycan aşkenazi yəhudilərinin baş ravvini

Robert MOBİLİ

Alban-udi icmasının rəhbəri

Bakı, 24 noyabr 2020-ci il”

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO