Qaradağ rayonunda təşviqat kampaniyasına başlanıldı - FOTO
Bu ilin dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, vəkil edilmiş şəxslər, səlahiyyətli nümayəndələr tərəfindən seçkiqabağı təşviqat başlandı.
Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatı bu gündən bələdiyyəyə üzvlüyü irəli sürülmüş partiya üzvlərinin təşviqat kampaniyasına start verib.
Partiya tərəfindən rayonda olan 11 bələdiyyə üzrə 123 nəfərin namizədliyi irəli sürülüb. Müvafiq prosedur qaydalara layiqincə əməl etmək üçün partiya fəallarının iştirakı ilə treninqlər keçirilib. Məqsəd isə seçicilərin mütləq səsi ilə növbəti seçkidə də qalib gəlməklə xalqın etimadını əməli işlərlə doğrultmaqdır.
Xatırladaq ki “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı”na əsasən, seçkiqabağı təşviqatın aparılması üçün müddət səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Seçkiqabağı təşviqatın aparılması dekabrın 22-i saat 08:00-da dayandırılacaq.