Qoy ən güclü qalib gəlsın!
Bu artıq şəksizdir: Azərbaycan Rusiyanın Xantı- Mansiysk şəhərində keçirilən və mürəkkəb turnir məsafəsi qısaldıqca bütün şahmat aləmində daha böyük maraqla izlənılən Dünya Kuboku turnirinin dörddəbir final mərhələsində də təmsil olunacaq. Lakin yarışın ən güclü səkkiz iştirakçısı sırasında mübarizəni məhz hansı qrossmeysterimizin davam etdirəcəyini biz hələ bilmirik, hamımızı maraqlandıran suala qarşıdakı üç gündə cavab alacağıq.
Belə ki, kəskin rəqabətdə fəxri mükafata aparan yolun səkkizdəbir final mərhələsində Azərbaycan milli komandasının liderləri Məmmədyarov və Rəcəbov bir-birlərini sınağa çəkəcəklər. Dost -rəqiblərin matçından sonra qalib dörddəbir final sevinci yaşayacaq, məğlub olan şahmatçı da onun ən fəal azarkeşinə çevriləcək. Bizə isə uzaq Xantı-Mansıyskdə çox mötəbər yarışda layiqincə çıxış edən hər iki həmvətənimizə uğur arzulamaq qalır. Həqiqətən, qoy ən güclü qalib gəlsin!
Artıq dünən axşamdan bildiyiniz kimi, 1/16 finalda Məmmədyarov milli komandamızın digər üzvü Eltac Səfərliyə, Rəcəbov isə Daniil Yuffaya (Rusiya ) qalib gəlmişlər. Hər iki matçda 1,5:0,5 hesabı qeydə alınmışdır.
Səkkizdəbir final mərhələsinə sabah start veriləcək. Bu gün isə qrossmeysterlərimiz istirahət edəcəklər. Görək istirahətdən kim daha çox fayda götürəcək, dörddəbir finalın qapısını kim açacaq?
Oqtay BAYRAMOV