Qurban Qurbanov məğlubiyyətin səbəbini açıqladı
“İtkilərimiz var idi. Amma futbolçularımdam razı qaldım. Qalib gəlmək üçün hər şeyi etdilər. Amma nəticədə məğlub olduq. Futbolda belə hallar olur”.
Rakus.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I qrupunun IV turunda Türkiyədə “Sivasspor”a 2:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis qələbə münasibətilə rəqibi təbrik edib: “Sivasspor”un təcrübəsi daha çoxdur və fürsətlərdən yararlandılar. Yaxşı oynadılar və qələbə qazandılar. Məğlubiyyətə üzülürəm, amma rəqibi təbrik edirəm. Onlara digər matçlarda uğurlar arzulayıram”.
Təcrübəli baş məşqçi dekabrın 3-də İstanbulda İsrailin “Makkabi” (Tel-Əviv) komandası ilə oynayacaqları matça da toxunub: “Ən yaxşı nəticəni qazanmaq istəyirik. Qrupdan çıxmaq şansımızı itirdik. Amma biz oyunumuzu daha da yaxşılaşdırmağa çalışacağıq. Gənc futbolçulara şans vermək bizim üçün önəmlidir”.
“Qarabağ” bu məğlubiyyətdən sonra qrupdan çıxmaq şanslarını itirib. Xalı olmayan Ağdam təmsilçisi I qrupunda sonuncu pillədədir. “Sivasspor” isə 6 xalla 3-cü sırada yer alır.