Rafael Nadalın finaldakı rəqibi məlum oldu
Oktyabrın 10-da tennis üzrə Fransanın açıq çempionatının (“Roland Garros”) finalçıları müəyyənləşib.
Rakus.az xəbər verir ki, turnirin ilk yarımfinal görüşündə ispaniyalı tennisçi Rafael Nadal argentinalı Dieqo Şvartsmanla qarşılaşıb. Üç setlik mübarizədə Nadal üstün olub – 6:3, 6:3, 7:6 (7:0). Görüş 3 saat 12 dəqiqə davam edib.
Yarımfinal mərhələsinin ikinci görüşündə dünyanın bir nömrəli raketka ustası Novak Cokoviçlə (Serbiya) yunanıstanlı tennisçi Stefanos Tsitsipas qarşılaşıb.
Üç saat 58 dəqiqə keçən gərgin görüş serbiyalının 6:3, 6:2, 5:7, 4:6, 6:1 qələbəsi ilə yekunlaşıb. Turnirin həlledici görüşü oktyabrın 11-də keçiriləcək.
Qadınların fərdi mübarizəsində həlledici görüşdə polşalı İqa Şvyontek və ABŞ-dan olan Sofiya Kenin üz-üzə gələcək.