Razi Nurullayevin səsləri artırıldı
Mərkəzi Seçki Komissiyasının (MSK) 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizədlər Hüseynli İlqar, Fərzəliyev Murad və digərlərinin müraciətinə baxılıb. Qurum pozuntular aşkarlanan 14, 16, 21, 23 və 25 saylı məntəqələrdə seçkilərin nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı qərar verib.
Bununla da ikinci dəfə lider namizəd sayılan Razi Nurullayevin səsləri azalmaq əvəzinə artdı. Belə ki, MSK-nın təqdim etdiyi rəqəmlərdə onunla ikinci yeri tutan namizəd Murad Fərzəliyev arasında cəmi 42 səs fərqi vardı.
Ehtimal edilirdi ki, MSK 79 saylı seçki dairəsində cəmi bir məntəqədə nəticələri ləğv etməklə qalib namizədi dəyişə bilər. Göründüyü kimi, seçki administrasiyası 1 yox, 5 məntəqədə nəticələri etibarsız saysa da, Razi Nurullayevin aldığı etibarlı səslərin sayı təxminən 5 dəfə artaraq 202-ə çatıb.
Belə ki, MSK-nın son qərarınadək bu dairədə 20.9 faiz səslə Razi Nurullayev lider idi. Nurullayev topladığı 2705 səslə ikinci yerdə olan Murad Fərzəliyevi (2663 səs) qabaqlayırdı. 14, 16, 21, 23 və 25 saylı məntəqələrin nəticələri ləğv edildikdən sonra 2398 səsi qalıb. Murad Fərzəliyev isə 2209 səslə yenə ikinci olub.
Belə görünür ki, ləğv olunan məntəqələrdə Razi Nurullayevin rəqibləri qalib gəliblər.
Xatırladaq ki, 79 saylı İmişli seçki dairəsi növbədənkənar parlament seçkilərində ən çox diqqət çəkən dairələrdən biri olub.
Seçki günü keçirilən “Exit-poll” R.Nurullayevin qalib gəldiyini açıqlasa da, az sonra MSK lider namizədin Murad Fərzəliyev olduğunu elan etdi. Fevralın 10-da isə seçki qurumu yenidən bu dairə üzrə nəticələrə “əl gəzdirib” R. Nurullayevi qalib saydı. (Azpolitika.info)