Real Partiyası seçkilərə 42 namizədlə qatılır
Respublikaçı Alternativ (ReAL) Partiyası fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində seçki bloku şəklində iştirak edəcək.
Rakus.az xəbər verir ki, bu barədə dekabrın 11-də keçirilən mətbuat konfransında partiyanın lideri İlqar Məmmədov bildirib.
Onun sözlərinə görə, blok “Real Cümhuriyyətçilər İttifaqı” adlanacaq. Bloka partiya üzvləri, eləcə də müstəqil namizədlər daxil olacaq.
Məmmədov blok iştirakçılarının birgə bəyanatını oxuyub.
“Milli Məclisə seçildiyimiz təqdirdə eyniadlı blok şəklində fəaliyyət göstərəcəyik”, – Məmmədov bildirib. O qeyd edib ki, bloka onun mövqeyini dəstəkləyən başqa qurumlar da daxil ola bilər. “Müraciət olunsa, məsələyə baxılacaq və müvafiq qərar qəbul ediləcək,” – o qeyd edib.
ReAL sədri müstəqil namizədlərdən ikisini – həkim Vasif İsmayılı və Xarici İşlər Nazirliynin və BP şirkətinin keçmiş əməkdaşı Elçin Haqverdiyevi təqdim edib.
Məmmədovun sözlərinə görə, tezliklə seçkiqabağı koalisiya üzvlərinin yeni adları açıqlanacaq. Ümumilikdə, Real Partiyasından seçkilərdə 42 namizəd iştirak edəcək.
Məmmədov seçkiqabağı kampaniya zamanı digər siyasi partiyalarla əməkdaşlığı istisna etməyib.