Rəcəb Tayyib Ərdoğanın oğlu Bakıya gəldi
“Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın azərbaycanlı qardaşlarımıza salamlarını və cənab Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklərini gətirmişik”.
Rakus.az xəbər verir ki, bunu Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən üzrə Prezident Kubokunun final görüşünü izləyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnospor Konfederasiyasının prezidenti Bilal Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
O Bakıya səfərinin məqsədini də açıqlayıb: “Bu gün buraya gəlməyimizin səbəbi Azərbaycan Prezidenti İlham Əliyevin doğum gününə təsadüf edən çövkən milli oyunu üzrə Prezident Kubokunun finalı ilə bağlıdır. Bu yarış artıq 7-ci ildir ki, təşkil olunur. Azərbaycan Respublikası Atçılıq Federasiyası ilə oktyabr ayında İstanbulda təşkil olunan Etnospor Kültür Festivalında Qarabağ atları vasitəsi ilə işbirliyi həyata keçirdik. Onlar da bunun nəticəsi olaraq buradakı finala bizi dəvət etdilər. Biz də Azərbaycanın milli idman növü olan çövkənin finalını izlədik”.