Rəsulzadə 136-cı ilində Novxanıdakı abidəsi önündə anıldı
Bu gün, yanvarın 31-də Milli Şura, Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyaları Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadəinin anadan olmasının 136-cı ildönümünü münasibəti ilə Bakının Novxanı kəndindəki abidəsi önündə anım mitinqləri keçirib.
Rakus.az xəbər verir ki, çoxsaylı insanın iştirak etdiyi mitinqdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından, onların dövlətçilik tarixindəki rolundan danışılıb.
Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər bildirib ki, Müsavat Partiyası son illərdə hakimiyyətdən dəfələrlə Xalq Cümhuriyyətinin liderlərinin xatirəsinin əbədiləşdirilməsini tələb edib.
“Eyni zamanda biz zaman-zaman ziyalılarımıza müraciət etmişik. Onlara təklif etmişik ki, bu müqəddəs dəyərləri qorumaq, onları populyarladırmaq üçün təkcə elmi araşdırmalar deyil, həm də ictimai addımlarla çıxış etsinlər. Müsbət bir haldır ki, son vaxtlar ölkənin ziyalılarının önəmli bir hissəsi bir araya gələrək Məhəmməd Əmin Rəsulzadənın ev muzeyinin bərpası ideyasını aktuallaşdırıblar, bu istiqamətdə addımlar atıblar. Biz bu addımı bəyənirik. Baxmayaraq ki, çox təəccüblüdür ki, bu işi görən insanlar bu ideyanın əsas daşıyıcısı Müsavat Partiyası rəhbərliyi ilə məsləhətləşmədən, müsavatçıları bu işə cəlb etmədən öz tərəflərindən bu addımı atıblar. Təbii ki, bizi təəccübləndirir ki, həmin insanların sırasında Nəsiman Yaqublu kimi dəyərli ziyalımız yoxdur. Həmin insanların arasında bütün ömrünü müsavatçılığa həsr etmiş insanlarla yanaşı, bu ideyaya aidiyyatı omayan insanlar da var. Eyni zamanda o siyahıda elə adamlar da var ki, o adamlar hakimiyyətin razılığı olmadan bir addım atmazlar. Bu onu göstərir ki, hakimiyyət nəhayət bizim ziyalılarımızı, bizim çağırışlarımızı eşidərək müəyyən addım atmaq niyyətindədir. Mən buradan xəbərdarlığımı edirəm, təkcə ev muzeyi ilə iş bitmir. Ev muzeyi minimum bir işdir. Rəsulzadənin abidəsini Bakının ən yüksək nöqtəsində ucaltmaq lazımdır. Hazır abidə də var. Bakı Dövlət Universitetinə Rəsulzadənin adı qaytarılmalıdır. Rəsulzadənin və digər cümhuriyyət qurucularının xatirələri əbədiləşdirilməlidir,” – o qeyd edib.
Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycanda demokratik, hüquqi dövlətin qurulmasını istəyib.
“O deyirdi ki, insan haqlarının yanında olan qalib gələcək. İstəyirdi ki, insan haqları qorunsun. Dünya tarixi də, Azərbaycan tarixi də təsdiq edir ki, belə bir dövlət gerçək islahatçı, inkişaf etmiş dövlət ola bilər.”
Arif Hacılı hesab edir ki, ölkədə Məhəmməd Əmin Rəsulzadə ideologiyası qalib gələcək, insanların azad və firavan yaşadığı bir hökumət qurulacaq.
“Biz istəyirik ki, bu ölkədə talançılıq olmasın, korrupsiya olmasın, rüşvətxorluq olmasın. Biz istəyir ki, bu xalq kimi istəyirsə, öz kəndinə rəhbər seçsin, kimi istəyirsə, parlamentə üzv seçsin, kimi istəyirsə, onu dövlətin başçısı seçsin,” Müsavat başqanı qeyd edib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycan dövlətinin ideya atasıdır. Bu yolda ən böyük səy və fədəkarlığı məhz Rəsulzadə edib.
“Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu iki ildə (1918-1920-ci illər) sağlam təməl üzərində qurulub. Elə dövlət institutları formalaşdırılıb ki, bu institutlar bu gün də, gələcəkdə də nümunə olacaq xalq hakimiyyəti, demokratiya modelidir.”
Kərimlinin fikrincə, Məhəmməd Əmin Rəsulzadə Azərbaycan tarixini kitablara köçürüb.
“Xalq Cümhuriyyəti devirildikdən, işğaldan sonra Rəsulzadə işğalla barışmadı, 35 il, son nəfəsinədək Azərbaycan davası apardı. O, həqiqət günəşinin parlayacağına əmin idi. Hər cür təzyiqlərə sinə gərərək bir nümunə yaratdı. O, Azərbaycan üçün böyük qurbanlar verdi, doğmalarını, öz həyatını qurban verdi. Rəsuzladənin həyatından nümunə götürmək, güc almaq lazımdır. Son nəfəsində də Azərbaycan dedi.”
Əli Kərimli bildirib ki, Rəsuzladə təkcə keçmiş deyil, həm də ölkənin gedəcəyi gələcəkdir.
“O həm də bizi sülalə hakimiyyətindən cümhuriyyəyə, respublikaçılığa qaytaracaq bir simvoldur. O deyir ki, cümhuriyyət quran insan tiranlığa dözə bilməz. Biz tezliklə cümhurtiyyəimizi quracaq, Rəsulzadə yoluna dönəcəyik,” -AXCP sədri qeyd edib.
Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. O, Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olub. Azərbaycan milli istiqlal hərəkatına başçılıq edib.
Məmməd Əmin Rəsulzadənin 1953-cü il mayın 28-də xalqa müraciəti [Rəsulzadənin müraciəti-Audio]
Rəsulzadə 1955-ci il martın 6-da Ankarada dünyasını dəyişib və Ankara Əsri qəbristanında dəfn edilib.
Onun “Bir kərə yüksələn bayraq, bir daha enməz!” ifadəsi Azərbaycanda müstəqillik hərəkatının əsas şüarı olub.
Tapdıq Fərhadoğlu