Rıza Çalımbay “Qarabağ”la matçda qələbə istəyir
“Superliqadakı rəqiblərimizin əksəriyyəti bizdən üstün durumdadır. Çünki biz üç gündənbir oyunlara çıxırıq. Həm Avropa Liqasında, həm də Superliqada mübarizə aparırıq”.
Rakus.az xəbər verir ki, bu fikirləri Türkiyənin “Sivasspor” klubunun baş məşqçisi Rıza Çalımbay yerli mətbuata açıqlamasında deyib.
57 yaşlı mütəxəssis öz komandasını “Qalatasaray”la müqayisə edib: “Qalatasaray” 7 gündə 1, biz isə 3 oyuna çıxırıq. Bu şərtlər altında hazırlıq matçı da keçirə bilməzdik. Milli komandalara gedən oyunçularımız var. Yığmaların oyunları ilə bağlı fasilədə zədəli futbolçularımızı sağaltmaq istəyirik”.
Çalımbay Avropa Liqasının IV turunda “Qarabağ”a qarşı keçirəcəkləri matç barədə də fikirlərini bölüşüb: “Növbəti mərhələ şanslarımız davam edir. “Qarabağ” səfərindən qələbə ilə qayıtmaq istəyirik. Bu matçı İstanbulda oynayacağıq. Bizim üçün az da olsa, üstünlük olar. Qazanmaqdan başqa şansımız yoxdur. Mənim yeganə qorxduğum şey zədədir. Bu məsələ ilə bağlı problem yaşamasaq, qrupdan çıxacağıq”.
İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Sivasspor” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Ağdam təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.