Robotlar öz dillərində damışacaqlar
Süni intellektlə işləyən robotlar öz dillərində ünsiyyət quracaq.
Rakus.az xəbər verir ki, bunu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Sərvər Şirinov deyib.
O bildirib ki, sürətlə dəyişən dünyamız, modern düşüncə, intellektual bilik, nanotexnoloji yeniliklər bizi meqadəyişmələr və çevrilmələr erasına qovuşdurub. Artıq müasir dünya real fikir, real ideya və fəlsəfə ilə yaşayır. İnsanlar azad yaşamaq, nikbin olmaq istəyirlər. Onların ədəbiyyatı, incəsənəti, mədəniyyəti də qəm-kədərdən uzaqlaşmaq missiyasını yerinə yetirməyə çalışır. Zamanla ayaqlaşmaq istəyən yaradıcı insanın fəlsəfi düşüncə tərzi sağlam, intellektual səviyyəsi isə yüksək olmalıdır. Lakin cəmiyyətin böyük bir qismi bu dəyişmələrə, elmi-texniki yeniliklərə adekvat ola bilmir. Çünki dəyişikliklər elə böyük sürətlə baş verir ki, hər beşillik və onilliklər arasında texnoloji inkişaf baxımdan böyük bir “kanyon” yaranır. Bəşər övladı isə bu yeniliklərə hazır olmadıqda, bu inkişafın bir hissəsinə çevrilmədikdə böyük problemlər baş verir. Buna görə də insan düşüncə olaraq, ideya olaraq daim yenilənməli, özünü “refreş” eləməlidir.
Tədqiqatçının sözlərinə görə, dünya kəşf etmək arzusunda, məntiqi, rasional düşüncənin təməlində yüksəlir. Süni intellekt sistemləri, nüvə fizikası, nanotexnologiyalar, biometriya, informasiya texnologiyaları, riyazi modelləşdirmə, molekulyar biologiya, gen mühəndisliyi, biotibb, eləcə də humanitar və ictimai elmi istiqamətlər üzrə fundamental və tətbiqi tədqiqatlar yüksək səviyyədə inkişaf dinamikası içindədir. Süni intellekt həyatımızın ayrılmaz hissəsinə çevrilib, ona hakim kəsilib. Texnologiya ilə dəyişən insan yaratdığı süni intellektlə durmadan inkişaf edir. Kiberbiotexnoloji inqilablar dalğası insanın mexaniki qurğu ilə birləşməsi – “cyborg” yaratmaq tendensiyasını ortaya qoyub (ingilis dilində “cyberneticorganism” sözlərinin qısaldılmış formasından düzəlib. Neil Harbisson ilk rəsmi Siborqdur). Gen dəyişikliyi üzrə yeni texnologiyalar yaradılıb: CRISPR/Cas9. Yəni insan artıq DNT-nin əsiri deyil.
S.Şirinov bu və ya digər meqadəyişmələrin ünsiyyət vasitəsi kimi dilə təsir edəcəyini də söyləyib. Bildirib ki, bu dəyişikliklər süni intellektin ünsiyyət dilinin yaranacağını göstərir. Bunun ilk qığılcımları da artıq mövcuddur. “Facebook” şəbəkəsinin süni intellektlə işləyən çat botları öz dillərini yaratmış və danışmışlar. Belə ki, FAIR (“Facebook”un Süni İntellekt Araşdırma Laboratoriyası / Facebook AI Research) tədqiqatçıları tərəfindən yaradılan söhbət botları öz dillərini yaratdıqdan sonra həmin proqram söndürülüb. FAIR-də çalışan elm adamlarının süni intellektə sahib olan çat botların bunu necə etdiklərinə dair hələlik konkret bir məlumatı yoxdur. Amma süni intellektin nə danışdığını biliblər. Süni intellekt fikri daha sürətlə ifadə etməyə hesablanır. “Facebook” çat botları öncə ingilis dilində ünsiyyətdə olsalar da, sonradan sürətli ünsiyyət üçün yeni dil yaradıblar. Süni intellekt dili təbii dillə müqayisədə sintaktik quruluşuna görə sadələşəcək. Yəni fikrin ifadəsində mürəkkəb konstruksiyalı cümlələr nəzərə çarpmayacaq. Zəka o qədər güclü olacaq ki, “arifə bir işarə kifayət edəcək”.
“Süni intellektin öz aralarında yaratdığı ünsiyyət dili zamanla təbii dili sıxışdıraraq qlobal dil səviyyəsində müəyyənləşəcək. Ümumiyyətlə, insan zəkasının inkişafı göstərir ki, ideyalar, fikirlər təbii dil olmadan da anlaşıla biləcək. Yəni gələcəkdə təbii dilə ehtiyac qalmayacaq. Belə ki, ünsiyyət modeli (dinləyib-anlama və danışma, oxu-yazı) dəyişdikdən sonra təbii dil tarixə qovuşacaq və informasiya mübadiləsi beyinlə birbaşa əlaqə üsulları ilə həyata keçiriləcək”, – S.Şirinov əlavə edib.