Ronaldo iki ayda 2 milyon avro qazandı
Məşhur idmançıların koronavirus pandemiyası dövründə “Instagram” sosial şəbəkəsi vasitəsi ilə qazandıqları məbləğ müəyyənləşib.
Rakus.az xəbər verir ki, martın 12-dən mayın 14-dək olan dövrdə Kriştiano Ronaldo, Lionel Messi və Neymar bir milyon avrodan çox gəlir götürüblər. Onların hər biri bu iki ayda sponsorların 4 reklamını paylaşıb. 219 milyon izləyicisi olan İtaliyanın “Yuventus” klubunun hücumçusu Ronaldonun gəliri 2,1 milyon avro təşkil edib. Bununla da o, TOP-10-da birinci yeri tutub. İspaniyanın “Barselona” komandasının kapitanı L.Messi (151 milyon izləyici) 1,45 milyon, “Paris Sen-Jermen”in hücumçusu Neymar (138 milyon izləyici) isə 1,33 milyon avro qazanıblar.
Dördüncü pillədə sabiq basketbolçu Şakil O’Nil (653 min avro), beşinci pillədə isə “Real Madrid”in sabiq futbolçusu Devid Bekhem (453 min avro) qərarlaşıblar.
Bir reklam paylaşımı orta hesabla Ronaldoya 526 min, Messiyə 363 min, Neymara isə 333 min avro qazandırıb.