Ronaldu ilin ən yaxşı futbolçusu seçildi
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Globe Soccer Awards” mükafatlarının təqdimat mərasimi keçirilib.
Rakus.az xəbər verir ki, 2019-cu ilin ən yaxşı futbolçusu adına Portuqaliya millisinin və İtaliya “Yuventus”unun hücumçusu Kriştianu Ronaldu layiq görülüb. Tədbirdə onun həyat yoldaşı və böyük oğlu da olub.
34 yaşlı forvard İngiltərə “Liverpul”unun hollandiyalı müdafiəçisi Vircil van Deyki, misirli hücumçu Məhəmməd Salahı, eləcə də İspaniya “Barselona”sının və Argentina yığmasının qolçusu Lionel Messini üstələyib.
Ronaldu ardıcıl dördüncü, karyerasında isə altıncı dəfə “Globe Soccer Awards” versiyası üzrə ən yaxşı sayılıb. O, “Globe Soccer Awards”ın 2011, 2014, 2016, 2017 və 2018-ci illərinin ən yaxşı oyunçusu olub. Bu mövsüm təcrübəli forvard İtaliya A Seriyasında 14 oyuna 10 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Daha 2 qol və 1 məhsuldar ötürməni isə o, Çempionlar Liqasındakı 6 qarşılaşmada aktivinə yazıb.