Rusiyalı atletlər vətəndaşlıqlarını dəyişir
Antidopinq qaydalarını sistemli şəkildə pozduğuna görə Rusiya Atletika Federasiyasının lisenziyası ləğv olunmuşdu. İyulun 1-dək cərimə ödəməyəcəyi halda, rusiyalı idmançıların neytral statusla mübarizə aparacağı faktı bu ölkənin atletlərinin narazılığına səbəb olub.
Rakus.az xəbər verir ki, cərimə ödənilmədiyinə görə artıq rusiyalı atletlər vətəndaşlıqlarını dəyişmək istəyirlər. Artıq bir neçə idmançı bu barədə mətbuata açıqlama verib. Şüvüllə tullanma üzrə dünya çempionu Anjelika Sidorova Olimpiadada başqa ölkənin idmançısı kimi yarışmaq istədiyini söyləyib. Rusiya Atletika Federasiyasının dopinq qalmaqalına görə lisenziyasının ləğv olunması Sidoravanı qane etmir. Daha doğrusu o, neytral statusda mübarizə aparmaq istəmir. Ölkə mətbuatına açıqlama verən Sidorova belə bir variant haqda fikirləşdiyini söyləyib. O, 4 il bundan əvvəl Rio-de-Janeyro Olimpiadasında başqa ölkəni təmsil etmək istəmədiyini, indi isə buna ehtiyac duyduğunu bildirib. Amma Sidorova qışadək Rusiya Atletika Federasiyasının “World Athletics”ə 5 milyon dollar həcmində cəriməni ödəyəcəyinə ümid edir.
1980-ci ildə Moskva Olimpiadasında bürünc medal qazanan Konstantin Volkov da oğlu Matveylə bağlı eyni planı fikirləşir. Amma onun sözlərinə görə, indiki vəziyyətdə bu planı həyata keçirmək çətindir. Belə ki, son dəyişikliklərə əsasən, bir idmançı yalnız valideynlərinin doğulduğu ölkənin vətəndaşlığını qəbul edə bilər. Bu mənada rusiyalı atlet Matvey Volkovun işi çətindir. Amma Rusiyanın diskvalifikasiya müddəti uzansa, vətəndaşlığı dəyişmək asanlaşacaq. Konstantin Volkov hətta oğlunun başqa ölkələrdən təkliflər aldığını da etiraf edib.