Sabah “Gilan Kuboku”nun qalibi müəyyənləşəcək
Mini futbol üzrə 28 May – Respublika Gününə həsr olunan şirkətlərarası “Gilan Kuboku”una sabah yekun vurulacaq.
Rakus.az xəbər verir ki, Su İdmanı Sarayında keçiriləcək həlledici görüşlərdən sonra mükafatçılar bəlli olacaq.
Öncə turnirə böyük həvəslə qatılan, iddialı və güclü oyun nümayiş etdirən “FAB Boya” və “Kapital Bank” komandaları öz aralarında 3-cü yerin sahibini müəyyənləşdirəcəklər. Ardınca yarışın qalibinin adına aydınlıq gələcək. Çempionluq üçün “Gilan Holdinq” və “Azərsun Holdinq” komandaları üz-üzə gələcəklər.
“Gilan Kuboku”nda ilk 3 yeri tutan komandalar üçün təyin edilmiş ümumi mükafat fondu 18 min manat təşkil edir. Birinci yerə sahib olacaq kollektivə 10 min, 2-ci yeri tutacaq komandaya 5 min, 3-cü yerə layiq görüləcək kluba isə 3 min manat mükafat veriləcək.
Xatırladaq ki, 16 komanda arasında keçirilən “Gilan Kuboku”nun təşkilində əsas məqsəd iştirakçıların yüksək hazırlığı, baxımlı oyunlar və şirkətlər arasında dostluq əlaqələrinin möhkəmlənməsidir.