Xaricdə uşaq pulu belədir – Sabiq nazir
“Son zamanlar uşaq pullarının bərpa edilməsi məsələsi cəmiyyətdə ciddi müzakirə predmentinə çevrilib. Mətbuat səhifələrində, sosial şəbəkələrdə bu məsələ ilə bağlı çağırışlar səslənir”.
Rakus.az xəbər verir ki, bunu sabiq maliyyə naziri Fikrət Yusifov bildirib.
Qeyd edib ki, bu məsələyə münasibət bildirənlər sırasında uşaq pullarının yalnız demoqrafik problemlərlə üzləşən ölkələrdə (məsələn,Rusiya kimi ölkədə) verilməsinin məntiqə uyğunluğunu əsaslandırmağa çalışanlar da tapılır. Azərbaycan bir neft ölkəsidir və bu səbəbdən də mən daha çox bu cür məntiqlə çıxış edənlərin diqqətinə neft ölkələrində neft gəlirləri hesabına vətəndaşlara hökumətlərin verdikləri sosial dəstəyin bəzi məqamlarını çatdırmaq istəyirəm. Barəsində danışacağımız neft ölkələrinin heç birində ölkədəki əhalinin sosial müdafiəsini gücləndirmək istiqamətində addımlar atılarkən demoqrafik durum əsas faktor kimi çıxış etmir və bu heç kimin ağlına belə gəlmir. Sadəcə bu ölkələrin hökumətləri neft pullarının bir hissəsinin birbaşa vətəndaşlara çatdırılması yolu ilə onların sosial müdafiəsini gücləndirmək seçimi edirlər.
Bununla bağlı xarici ölkələrin təcrübəsinə toxunan sabiq nazir bildirib ki, Birləşmiş Ərəb Əmirliklərində yeni doğulan uşaq üçün dövlət neft satışından 150 min dollar müavinət ayırır. Neft pulları hesabına Küveytdə yeni doğulan hər uşaq üçün bankda 3 min dollarlıq hesab açılır, mənzil tikintisi üçün 220 min dollara qədər faizsiz kredit verilir. Bundan başqa Küveyt hökuməti hər bir yeniyetmə üçün aylıq 170 dollar, evdar qadınlar üçün isə 300 dollar müavinət ödəyir. Bu ölkədə təhsil tamamilə pulsuzdur. Səudiyyə Ərəbistanında yeni doğulan hər uşağa dövlət neft pullarından 10 min dollar vəsait ödəyir, 80 min dollar əvəzsiz vəsait isə mənzil almaq üçün ödənilir. Bu ölkədə ali məktəbi bitirən hər bir məzuna 13 min dollar vəsait ödənilir. Səudiyyə Ərəbistanında neft pulları hesabına tibb və təhsil tamamilə pulsuzdur. İqtisadi cəhətdən hərtərəfli inkişaf yolu keçmiş Norveçdə hər bir vətəndaşın hesabına neft pullarında 100 min dollar köçürülür. Yeni dünyaya göz açmış hər uşağın hesabına isə 3 min dollar ödənilir. Bu ölkədə əksər tibb ocaqları dövlətə məxsusdur, dövlət bələdiyyəyə aid tibb ocaqlarına subsidiyalar verməklə əhaliyə yüksək tibbi xidmətin göstərilməsini təmin edir. Bu ölkədə təhsil pulsuzdur və Norveç bir oxuyana çəkilən xərcin səviyyəsinə görə dünyada ilk yeri tutur.
Sonda isə qeyd edib ki, bu sadaladıqlarımız faktlar yetərlidir ki, uşaq pullarının verilməsini demoqrafik vəziyyətlə əlaqələndirmək istəyənlər nəticə çıxarsınlar. Postsovet məkanında yerləşən neft ölkələrində hələlik bu təcrübədən istifadə olunmur. Bu ölkələrdə və Azərbaycanda neft pullarının büdcəyə yönəldilməsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə vəsaitlərin büdcə xətti ilə xərclənməsinə üstünlük verilir. Əslində burada ərəb ölkələrinin və Norveç kimi inkişaf etmiş bir ölkənin təcrübəsindən yaralanmağı düşünmək heç də pis olmazdı.