SƏ federasiyası ilə memorandum imzalandı
Azərbaycanın və Səudiyyə Ərəbistanının Cüdo federasiyaları arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Rakus.az xəbər verir ki, tədbirdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov çıxış edərək ölkəmizdə idmanın, xüsusən də cüdonun inkişafından, eləcə də idmanın bu növü üzrə bir sıra mötəbər yarışların Azərbaycanda keçirilməsindən danışıb. Bildirib ki, ötən il cüdo üzrə dünya çempionatına yüksək səviyyədə keçirən Bakı bir neçə ildir “Böyük dəbilqə” turnirinə ev sahibliyi edir.
Səudiyyə Ərəbistanı Cüdo Federasiyasının vitse-prezidenti Nabeel Mohammed Al-Hassan Azərbaycanın dünyanın idman ölkələri arasında xüsusi yerinin olduğunu bildirib. Azərbaycan cüdosunun inkişafından və cüdoçularımızın dünyanın ən güclülərindən olmasından məmnunluğunu vurğulayan qonaq bu əməkdaşlığın önəmini ifadə edib. O, Azərbaycanın təcrübəsindən uğurla yararlanacaqlarını söyləyib.
Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirib ki, ölkəmizdə idmana göstərilən diqqət və qayğı nəticəsində bu sahə sürətlə inkişaf edir.
Görüşdə tərəflər dostluq münasibətlərinin və əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Sonda bütün yaş qrupları üzrə milli yığma komandaların birgə təlim-məşq toplanışlarının, turnirlərin və yoldaşlıq görüşlərinin, məşqçilər və hakimlər üçün birgə seminarların təşkili, təcrübə mübadiləsi layihələrinin hazırlanması və həyata keçirilməsi, müxtəlif yarışlarda təmsil olunmaq üçün zərurət yaranmış çəki dərəcələrində idmançı transferləri, tərəflərin üzv olduqları idman təşkilatlarının, eləcə də idman məktəblərinin əməkdaşlığı və s. məsələlər barədə razılığa gəlinib.