Sentyabrda kimlər imtahan verəcək?
“Bu il martın 1-də Bakı, Şirvan və Naxçıvan Muxtar Respublikasında I mərhələ üzrə imtahan vermiş məzunların nəticələri elmi-statistik hesablamalar tətbiq edilməklə 100 bala uyğunlaşdırılacaq”.
Rakus.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, digər bölgələr üzrə məzunlar yalnız imtahanın II mərhələsində iştirak edəcəklər:
“Bu mərhələ üzrə maksimal bal hər fənn üzrə 70 deyil, 100 ballıq şkalaya uyğun hesablanacaq. Nəticələri I mərhələ imtahanı əsasında hesablanmış məzunlar qiymətlərindən narazı olduqları halda II mərhələ imtahanında iştirak edə bilərlər”.
Sədr qeyd edib ki, buraxılış imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur:
“Bu il və əvvəlki illərdə üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyən məzunlar sentyabr ayında təşkil ediləcək imtahanlarda iştirak edə bilərlər”.
“XI sinif buraxılış imtahanlarının iyun ayı ərzində təşkil edilməsi planlaşdırılır. Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarından asılı olaraq, imtahanların bölgələr üzrə keçirilmə ardıcıllığı müəyyən olunacaq. İmtahana buraxılış vərəqələri imtahan günündən 5-7 gün əvvəl DİM-in saytında yerləşdiriləcək”, – deyə M. Abbaszadə əlavə edib.
DİM-in sədr qeyd edib ki, buraxılış imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur:
“Məzunlar buraxılış imtahanında, əvvəlki illərdə olduğu kimi, hər fənn üzrə maksimum 100 bal toplaya bilərlər”.