Serfinq yarışları Taiti adası sahillərində keçiriləcək
Parisdə 2024-cü ildə keçiriləcək yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi serfinq yarışlarının Taiti adası sahillərində keçirilməsini qərara alıb.
Rakus.az xəbər verir ki, bu barədə Olimpiadanın Təşkilat Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Taiti Fransa Polineziyasının əsas adasıdır. Adadakı Teaxupoo kəndi serfinq yarışları keçirilməsi üzrə ən populyar yerlərdən biridir.
Təşkilat Komitəsinin mətbuat xidmətinin bəyanatında deyilir: “Olimpiya Oyunlarının Təşkilat Komitəsi serfinq yarışlarının keçiriləcəyi yer kimi Taiti adasındakı Teaxupoo kəndini seçib. Növbəti addım Beynəlxalq Olimpiya Komitəsi tərəfindən seçilmiş yerin yoxlanması olacaq”.
Britaniyada çıxan “The Guardian” qəzetində bir qədər əvvəl dərc edilmiş məlumata görə, Taiti alternativ variant kimi nəzərdən keçirilirdi. Bu halda digər namizədlər kontinental Fransada yerləşən Bretani və ölkənin cənub-qərbində, Yeni Akvitaniyada yerləşən Biarrits şəhəri idi.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax iyul ayında bildirib ki, serfinq yarışlarının harada keçirilməsi barədə qərarı Fransa Milli Olimpiya Komitəsi qəbul edəcək, bununla belə, Baxın fikrincə, yarışları Parisə maksimum yaxın yerdə keçirmək lazımdır.
Serfinq yarışları ilk dəfə 2020-ci il iyulun 24-dən avqustun 9-dək Tokioda keçiriləcək yay Olimpiya Oyunlarının proqramına daxildir. 2024-cü il yay Olimpiya Oyunları isə, iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.