Sərhədkeçməyə məhdudiyyət siyahısına əlavələr edilib – FƏRMAN
“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” fərmana dəyişiklik edilib.
Rakus.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Fərman imzalayıb.
Belə ki, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”nin 8.20.2-ci yarımbəndinə dəyişiklik edilib.
Dəyişikliyə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklər qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirilmədikdə hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün məhkəmənin qərarı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılan vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının rəhbəri haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda, məlumatların aktiv statusunu dəyişdirilməsi nəzərdə tutulur.