Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında məsələ müzakirəyə çıxarılıb.
Rakus.az xəbər verir ki, məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Hesabatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov təqdim edib.
O deyib ki, Almaniyada bizim 4 min nəfər qeyri-qanuni yaşayan vətəndaşımız var. Mühacirətə aparılıblar, onların da hamısı nəzarətimizdədir.
Onun sözlərinə görə,1 500 nəfərin Almaniyanın müvafiq qurumları tərəfindən deportasiya olunması ilə bağlı qərarlar çıxarılıb: “2 500 nəfərlə bağlı isə müvafiq qərarın icrası müvəqqəti təxirə salınıb. Bu məsələ ciddi nəzarətimizdə saxlanılır”.
Nazir müavini bildirib ki, adlarını demokrat qoyan təşkilatlar saxta sənəd alveri ilə məşğuldurlar: “Bu, hamımıza bəllidir. Onların hamısının bizdə statistikası da var. Təhsil ocaqlarının yaxınlığında tütün məmulatlarının satışı və reklamı qadağandır. Bu məsələnin qarşısı alınır. Bu məsələ qaldırılacaq və qarşısı alınacaq”.
Xatırladaq ki, deputat Qüdrət Həsənquliyev məktəblərin yaxınlığında tütün məmulatlarının satışının olduğunu bildirib.