“Sileks” Bakıya gəlir
“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Sileks” Şimali Makedoniya çempionatında xal itirərək, Bakıya gələcək.
Rakus.az xəbər verir ki, “Sileks” II turun açılış matçında öz meydanında “Pelister”lə 2:2 oynayıb.
“Sileks”dən qolları Burhan Mustafov və İvan İvanovski vurub. Kratovo klubunun serbiyalı baş məşqçisi Qoran Simov matç barədə fikirlərini bildirib:
“Matça pis başladıq, nəticədə qonaqlar erkən qol vurdular. Oyuna nəzarət etsək də, çox qol şansımız olmadı. “Pelister” bura bir xal dalınca gəlmişdi, istəyinə çatdı. İndi Çempionlar Liqasında “Qarabağ”la qarşılaşacağıq. Bakı səfəri öncəsi komandanın oyunundan razı qalmadım”.
Xatırladaq ki, avqustun 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Sileks” oyunu saat 20:00-da start götürəcək.