Şirməmməd Hüseynovun barelyefinin açılışı oldu
Bu gün Bakı Dövlət Universitetinin professoru, görkəmli alim və mətbuat tədqiqatçısı, Əməkdar jurnalist Şirməmməd Hüseynovun anadan olmasının 95-ci ildönümü tamam olur.
Rakus.az xəbər verir ki, bu münasibətlə dekabrın 17-də Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində görkəmli alimin uzun müddət çalışdığı Mətbuat tarixi kafedrasının qarşısında barelyefi açılıb.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxış edərək Azərbaycan mətbuat tarixinin yorulmaz tədqiqatçısı, müasir jurnalistikamızın inkişafında misilsiz xidmətləri olan Şirməmməd Hüseynovun zəngin yaradıcılıq yolundan danışıb. Bildirib ki, alimin həyatının böyük hissəsi Bakı Dövlət Universiteti ilə bağlı olub. Gənc jurnalistlərin yetişməsində, püxtələşməsində böyük xidmətləri olan Şirməmməd müəllim elmi-pedaqoji fəaliyyətini ləyaqətlə, vicdanla, yorulmadan davam etdirib. O, hər zaman tələbələrlə müəllimləri bir komanda kimi ətrafında birləşdirə bilib.
Şirməmməd Hüseynovun azərbaycançılıq ideologiyasının sadiq keşikçilərindən biri olduğunu bildirən rektor, vurğulayıb ki, o, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının irsinin araşdırılmasında xüsusi xidmətlər göstərib. Daim həqiqətin, ədalətin, azad sözün tərəfdarı olub. Buna görə də təkcə elmi ictimaiyyətin deyil, sadə insanların da böyük hörmətini qazanıb.
Bildirilib ki, Azərbaycan jurnalistlərinin müdrik ağsaqqalı, görkəmli alim və pedaqoq Şirməmməd Hüseynov uzun illər milli mətbuatımızın qatı açılmamış səhifələrini arxivlərdən çox böyük vətənpərvərliklə, tədqiqatçı inadkarlığı ilə arayıb-axtarıb, üzə çıxararaq nəşr etdirib. Onun müəllifi olduğu kitabların böyük əksəriyyəti sanballı, ensiklopediya səviyyəsində olan əsərlərdir.
Ailəsi adından çıxış edən alimin qızı, Azərbaycan Milli Konservatoriyasının prorektoru Lalə Hüseynova Bakı Dövlət Universitetinin atası üçün müqəddəs məkan olduğunu və bu ali təhsil ocağını evi qədər sevdiyini söyləyib. Qeyd edib ki, Ş.Hüseynovun ömrünün 60 ili universitet ilə bağlı olub. O, Bakı Dövlət Universitetini Azərbaycanın kiçik modeli hesab edirdi.
Lalə Hüseynova atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. (Azərtac)