Son beşiyin yaratdığı sevinc – Pəricanın ilk məktəb günlüyü - FOTO

Sentyabrın 15-də Azərbaycanın bütün ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində yeni dərs ili başladı. Yeni tədris ilinə start verildikdən sonra ölkənin müxtəlif bölgələri ilə yanaşı, paytaxt Bakıda da şagirdlər üç aylıq yay tətilindən sonra ilk dərs gününün həyəcan və sevincini yaşadılar. Bu il də Bilik Günü ailəmiz üçün çox əlamətdar oldu. Belə ki, evimizin son beşiyi, PƏRİCAN qızımız rəsmən orta məktəb təhsilinə qədəm qoydu.
…Körpəliyindən valideynlərinə əziyyət verməyən Pərican bu gün fərqli olaraq səhər saat 06:50 radələrində oyanmışdı. O, məktəbə getmək üçün sakitcə yeməyini yedi, məktəbli formasını geyindi və dedi ki, “Ata bir az tez ol, birdən gecikərik”. Pərican ötən il bacısısı BURLAXATUN məktəbə gedəndə çox istədiyindən onu tək buraxmamışdı, hətta bacısının məktəb güllərini özü götürmüşdü. Bacısı vəfa borcunu qaytarmaq üçün Pəricanı tək buraxmadı. Beləcə birlikdə əl-ələ tutub yaxın məsafədə yerləşən Binəqədi rayonu, 102 nömrəli tam orta məktəbə çatdıq.
Məktəbə yaxınlaşarkən Pəricanın sevincinin həddi-hüdudunu görmək həqiqətən də qürurlu idi. Məktəbin həyəti bayram ab-havasında bəzədilmişdi. Bilik Günü münasibətilə tədbir təşkil olunmuşdu. Məktəblilərin düzülüşü, Bilik Günü üçün hazırlanmış proqram, şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması, ardınca dövlət himninin səsləndirilməsi hər kəsə vətənpərvərlik ruhu aşılayırdı. Həzin musiqi, yuxarı sinif şagirdlərinin mahnı ifaları yaddaqalan anlar yaşatdı.
Məktəbin direktor əvəzi Gülnarə Nəzərəliyevanın yeni tədris münasibətilə təbrik çıxışında məktəblilərin parlaq zəka sahib olması üçün yaxşı təhsil almağın faydasını, gələcək arzuların təhsil vasitəsilə gerçəkləşməsinin məntiqindən danışması, ötən il əla qiymətlərlə bu təhsil ocağını başa vurmuş və yüksək bal toplayaraq ali məktəbə qəbul olmuş tələbələrin, eləcə də müsabiqələrdən yüksək bal toplayan müəllimlərin örnək xarakterli çıxışları ruhlandırıcı idi.
Birinci sinfə qədəm qoyan uşaqlar əvvəldən hazırladıqları ssenari üzrə şerlər, mahnılar səsləndirdilər. İlk Zəngin əks sədaları xüsusi həyacan yaratdı. Birincilər bundan sonra daha 10 il qədəm qoyacaqları siniflərinə doğru getdilər. Pərican balam Ana dilimizdə böyük sevgi və həvəslə məhz onu seçdiyimiz Xədicə Məmmədlinin 1A sinfində təhsil alacaq. Uşaqlar Xədicə müəllimənin təlimatı və məsləhəti ilə valideynləri tərəfindən tikdirilən xüsusi geyim forması, dərs vəsaiti və ləvazimatlarla dolu rəngli çantaları kürəklərində sinfə daxil oldular. Sinif rəhbərinin ciddi duruşu uşaqların dəcəllik ehtimalının xeyli az olacağına işarəydi. Məktəblilər mehriban, rahat şəkildə bir-birinə baxır, müəllimələri ilə sakit davranırdılar. Müəllimləri uşaqlar üçün hələ ötən ildən tanış idi. Onlar məktəbəqədər hazırlıq mərhələsini məhz Xədicə xanımın rəhbərliyi ilə keçmişdilər. Bu, həqiqətən də valideynlər üçün çox təsiredici və mənalı mənzərə idi. Uşaqlar əvvəldən aldıqları hədiyyələri sevimli müəllimlərinə, Xədicə xanım isə öz hədiyyələrini sevimli şagirdlərinə təqdim etdikdən sonra dərs başladı. Bununla da Pəricanın orta təhsilin birinci sinfinə qədəm qoyduğu məktəbdə ilk gününün mənzərəsi ürəkaçan oldu. Yaddada qalan isə o oldu ki, Pəricanın atası 1979-cu ildə, bacısı 2024-cü ildə birinci sinfə gedərkən ağlamışdılar, amma o, ata və bacısından fərqli olaraq ağlamadı, əksinə, böyük həvəs və istəklə məktəbə getdi…
… Səmimi deyim ki, məktəbdəki mühit, valideynlərin davranışı məni çox təsirləndirdi. Ona görə də bu yazını ötən ilki məqaləmdə yazdığım fikrlərlə tamamlamaq istədim: “Övladları 1-ci sinfə gedən həyacanlı valideynlərin ümumi arzuları bu idi ki, qoy böyütdüyümüz övladlar Vətən uğrunda şəhid olanlara layiqli həmvətən olsunlar. Yolları açıq, zehnləri iti, üzləri daim gülər olsun. Böyük Azərbaycanın azad vətəndaşları kimi sağlam, alnıaçıq gəzsinlər. İlk dərs illəri uğurlu olsun. Ailələrinə, Vətənlərinə layiqli övlad olsunlar. Uşaqlarımız sülh, əmin-amanlıq içində böyüsünlər. Bu gün sülh şəraitində yaşamağımıza səbəb olan şəhidlərimizə rəhmət etsin. Tanrı ordumuzu, xalqımızı, Vətənimizi qorusun! Qalib ölkənin uşaqları müharibəsiz dünyada yaşasınlar. Bütün birinciləri təbrik edirik, qoy onlar həmişə 1-ci olsunlar!
Təbii ki, bu arzulara çatmaq üçün yeganə yol yaxşı təhsildir. Çünki yaxşı təhsil insanları hər zaman parlaq saxlayar. Müxtəlif peşələr üzrə dahiləşmiş, müdrik adını qazanmış bəşəri şəxsiyyətlərin təhsil, elm ilə bağlı dedikləri kəlamlar buna misaldır və yaddaşlara həkk olunmuş fikirlərdən bəzilərini xatırlatmaqda fayda var: “Övladlarımızı dövrünüz üçün deyil, onların dövrü üçün yetişdirək. Özümüzə və övladlarımıza analadaq ki, təhsil dünyanı dəyişmək üçün ən yaxşı silahdır. Təhsilin kökləri acıdır, meyvələri isə şirin. Təhsil azadlığın qızıl qapısını aça bilən açardır. Təhsilin son məqsədi güzgüləri pəncərəyə çevirməkdir. Təhsil qaranlıqdan işığa olan hərəkətdir. Təhsil ən yaxşı dostdur. Təhsilli adama hər yerdə hörmət edilir. Məktəb açan şəxs həbsxanaları bağlayır. Təhsil verilməmiş uşaq itirilmiş uşaqdır. Təhsil yalnız imkanın nərdivanı deyil, o həm də gələcəyimizə qoyulmuş sərmayədir. Yaxşı təhsil xoşbəxtliyin başqa adıdır. İnsanlar təhsil üçün yox, təhsil insanlar üçündür”.
Beləliklə, uşaqların nəsihətdən çox yaxşı nümunəyə ehtiyacı var. Hər zaman övladlarımıza yaxşı nümunə olmaq borcumuzdur. Heç vaxt uşaqlarda dəcəllik hissini öldürməyək. Çünki uşaqlarda dəcəllik hissi öldürülərsə, heç vaxt müdrik insan yetişməz.
Onu da vurğulayım ki, böyük qızım Burlaxatun bu il 2-ci sinifə qədəm qoydu və dərsi günorta növbəsində başladı. O, keçən il olduğu kimi, bu gün də məktəbə getməmək üçün müxtəlif dəcəlliyə əl atdı, amma çətinliklə də olsa sakitləşib məktəbli çantasını götürüb getdi. Məktəbə yaxınlaşarkən Burlaxatun yenidən kövrəldi və şagird sırasına qoşularkən, ağlamaq həvəsinə düşərkən bu fotoları çəkdim.
Sonda məlumat üçün bildirim ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) məlumatına görə, yeni tədris ilində idarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində, ümumilikdə, 505 766 şagirdin təhsil alacağı gözlənilir. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 39 622, IX sinfində 47 438, XI sinfində 35 134, XII sinfində 124 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Paytaxtdakı ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 21 491 beşyaşlının cəlb olunması nəzərdə tutulur. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə isə 35 028 uşaq cəlb olunub. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28 127 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 4 149 tərbiyəçi-müəllim çalışır. BŞTİ-nin tabeliyində 673 təhsil müəssisəsi, doqquz məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Ümumilikdə isə 2025-26-cı tədris ilində respublika üzrə 1.6 milyon şagirdin təhsil alacağı gözlənilir. 130 mindən çox şagird 1-ci sinifdə təhsil alacaq.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına uyğun olaraq, ölkədə yeni dərs ili sentyabrın 15-də başlayır və bu tarix Bilik Günü kimi qeyd olunur.